İQTİSADİYYAT


Sentyabrın ilk hərracına 76 dövlət əmlakı çıxarılıb

Bakı, 6 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən prosedurların sadələşdirilmiş tətbiqi ilə keçirilən növbəti hərrac sentyabrın 4-də reallaşacaq. Ayın ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakların 17-si səhmdar cəmiyyət, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Komitədən AZƏRTAC-a bildirilib ki, ƏMDK açıq və şəffaf hərracları təşkil etməklə prosesdə vətəndaş rahatlığını və operativliyini təmin edir. Hər həftə reallaşan hərraclar özəlləşdirməni sürətləndirməklə yanaşı, ölkədə biznes perspektivlərini də artırır. Sifarişlərin onlayn formada verilməsi, hərrac keçirilən vaxt virtual formada iştirak şanslarından investorlar məhdudiyyət olmadan istifadə edə bilir. Hərraca çıxarılan dövlət əmlaklarının siyahısı ilə tanış olmaq, ətraflı məlumat əldə etmək və sifariş etmək üçün komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vətəndaşlara xidmət göstərir.

Özəlləşdirməyə çıxarılan müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətlər Şirvan, Bərdə, Tərtər, Kürdəmir və digər bölgələrdə yerləşir. Say və qiymət baxımından fərqli səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətlərə Tərtər Nəqliyyat, Zaqatala Fındıq, Bərdə Kəndkimya kimi dövlət əmlakları aiddir.

Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 30 kvadratmetr ilə 9297 kvadratmetr aralığındadır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Əmlak kompleksi torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu obyektin ümumi faydalı sahəsi 1169 kvadratmetrdir. Əmlaka sərmayə yatıraraq müxtəlif sahibkarlıq sahələrində uğur qazanmaq olar. Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Şəmkir Balıq Zavodunun ümumi faydalı sahəsi 341 kvadratmetrdir. Özəlləşdirilməsi üçün ilkin qiymət 45 min 250 manat təyin olunan obyektin fəaliyyətinin bərpası investora yeyinti sənayesi üzrə yüksək gəlir qazandıracaq.

Ümumi faydalı sahəsi 10 kvadratmetr və 190 kvadratmetr intervalında olan qeyri-yaşayış sahələrinin 21-i paytaxtda, 3-ü isə Sabirabad, Gəncə və Samux rayonlarında yerləşir. Az investisiya qoymaqla gəlir əldə etmək istəyənlər üçün fərqli ərazilərdə yerləşən dövlət əmlakları da hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 10 kvadratmetr, ilkin hərrac qiyməti 1250 manat olan bu qeyri-yaşayış sahəsi kiçik xidmət sahəsi üçün uğurlu seçimdir.

Hərraca çıxarılan “Nissan” və “Vaz” markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2007 illəri əhatə edir. Avtomobil almaq arzusunda olan vətəndaş uyğun qiymət təyin olunmuş nəqliyyat vasitələri arasından seçim edərək sifarişçiyə çevrilə bilər.

Hərraclarda iştirak etmək istəyən vətəndaşlar əmlakların siyahısı ilə http://www.privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkinə daxil olmaqla tanış ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.