DÜNYA
Sentyabrın sonlarında Litva koronavirusa qarşı mübarizə üçün yeni mobil tətbiq istifadəyə verəcək
Vilnüs, 8 sentyabr, AZƏRTAC
Litvanın Milli İctimai və Səhiyyə Mərkəzi (MİSM) sentyabr ayının sonlarında koronavirusun müşahidəsi və ona nəzarət edilməsi məqsədilə yeni mobil tətbiqi istifadəyə verəcəyini vəd edib.
AZƏRTAC mərkəzin açıqlamasına istinadla xəbər verir ki, 19 min avroya başa gələcək tətbiq “Dizaino kryptis” informasiya texnologiyaları şirkəti tərəfindən yaradılıb.
“Tətbiq hazırda sınaq prosesindədir və onun sentyabrın sonlarında istifadəyə veriləcəyinə ümid edirik. Proqramın məqsədi koronavirusun (COVID-19) ötürülmə zəncirini qırmaq və virusa yoluxmuş xəstələrlə təmasda olmuş şəxsləri məlumatlandırmaqdır”, – deyə mərkəzin şöbə müdiri Diana Brunyaviçene deyib.
O, tətbiqin istifadəsinin könüllü olacağını, buna görə də onun effektivliyinin istifadəçi sayından asılı olacağını vurğulayıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs