İDMAN
Sərbəst güləşçi Xetaq Qazyumov Azərbaycana 10-cu qızıl medalı qazandırdı VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də sərbəst güləşçi Xetaq Qazyumov Azərbaycana birinci Avropa Oyunlarının 10-cu qızıl medalını qazandırıb.
AZƏRTAC xəbər verir ki, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı Xetaq Qazyumov (97 kq) final görüşündə gürcüstanlı Elzibar Odikadzeyə 3:1 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının növbəti çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
Xetaq Qazyumov finala qədər dörd görüş keçirib. O, həmin görüşlərdə Radoslav Baran (Polşa), Nikolay Seban (Moldova), İbrahim Saidau (Belarus) və Abdusalam Qadisova (Rusiya) qalib gəlib.
AZƏRTAC-ın arayışı: Xetaq Qazyumov 1983-cü ildə doğulub. Güləşlə 11 yaşından məşğul olmağa başlayıb. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 2009-cu ildə Avropa çempionu olub və dünya çempionatında ikinci yeri tutub. Növbəti ildə isə həm dünya, həm də Avropa çempionatların qızıl medallarına sahib olub. 2011-ci ildə üçüncü dəfə Avropa çempionu olan X.Qazyumov bir il sonra London Olimpiadasından Vətənə bürünc medalla qayıdıb.