İDMAN
Sərbəst güləşçilərimiz Bakıda Qazaxıstan yığması ilə birgə toplanış keçir
Bakı, 28 aprel, AZƏRTAC
Sərbəst güləş üzrə yığmamız aprelin 21-dən Bakıda növbəti təlim-məşq toplanışına start verib.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq dünya Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçirilir.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam etdirilən təlim-məşq toplanışında əsasən taktiki-texniki çalışmalara üstünlük verilir. Hazırlıq prosesi ölkəmizə təşrif buyurmuş Qazaxıstan millisi ilə birgə keçirilir.
Qeyd edək ki, sərbəst güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Olimpiadaya lisenziya qazandıracaq sonuncu yarış olan dünya Olimpiya təsnifat turnirində millimiz 3 çəkidə - 57, 86 və 125 kiloqram çəki dərəcəsində Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacaq. Sofiyada güləşin bu növü üzrə mübarizə mayın 6-7-də baş tutacaq.