İDMAN
Sərbəst güləşçilərimiz Dağıstanda üç medal qazanıblar VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca yeddinci “Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 2 bürünc medala sahib olublar.
AZƏRTAC xəbər verir ki, məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Roman Bəkirov (97 kq) finaladək inamla irəliləyib. İlk görüşdə Rusiyadan Tamerlan Rasuevi, ardınca Məhəmmədrəsul Qazıməhəmmədovu, yarımfinalda ABŞ təmsilçisi Dastin Kilqoru tam üstünlüklə məğlub edən güləşçimiz finalda rusiyalı Axmed Bataevə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Aslanbek Alborov isə ilk görüşdə ABŞ-dan olan Vinn Mixalak, ardınca Qazaxıstan təmsilçisi Mamed İbrahimov, rusiyalı Zaynula Kurbanov üzərində qələbələr qazanıb. Ancaq yarımfinalda Rusiyanın digər təmsilçisi Axmed Bataevə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Yerli idmançı Azret Şoqenovu üstələyən Aslanbek Alborov turnirin bürünc medalına sahib olub.
Güləşçimiz Hacımurad Məhəmmədsəidov (86 kq) ilk görüşdə qazaxıstanlı Nurali Baymuratovu tam üstünlüklə məğlub etsə də, növbəti görüşdə Rusiya təmsilçisi Zəlimxan Minkailova uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Qazaxıstanlı Kanat Berdıev və Azamat Dauletbekovu üstələyən güləşçimiz bürünc medal uğrunda görüşdə Polşa təmsilçisi Sebastian Jezirjanskini də məğlub edərək turniri üçüncü pillədə başa vurub.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.