İDMAN


Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız II Avropa Oyunlarına hazırlığı davam etdirir

Bakı, 14 iyun, AZƏRTAC

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlığı davam etdirir.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, Olimpiya Güləş Mərkəzində təşkil olunan təlim-məşq toplanışı məsul yarış ərəfəsində son hazırlıq prosesidir. Yunan-Roma güləşi üzrə millimiz Estoniya və İsveçdən olan pəhləvanlarla birgə məşqləri davam etdirir. Qonaqlar federasiyanın rəsmi saytına verdikləri açıqlamada toplanışın gedişindən, onlara yaradılan şəraitdən, güləş bazasından razı qaldıqlarını bildiriblər.

İsveç millisinin məşqçisi Cimmi Samuelsson deyib: “Azərbaycana ikinci dəfədir gəlirəm. İlk dəfə 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında idmançı kimi iştirak etmişəm. Təbii ki, İsveçlə Azərbaycanın iqlimi çox fərqlidir. Burada hava çox istidir. Ancaq problem deyil. Mən isti havanı sevirəm. Bakı gözəl şəhərdir. Xüsusən də “Alov qüllələri” və İçərişəhəri çox bəyəndim. Bakıya iki güləşçi ilə gəlmişik. Dünən onlardan biri zədələndiyi üçün bugünkü məşqdə iştirak etmir. Ümid edirəm ki, Aleks Kessidis Avropa Oyunlarına qədər zədəsini tam sağaldacaq. Həmçinin Bakıda sentyabrda keçiriləcək dünya çempionatına hazırlaşırıq. Olimpiya Güləş Mərkəzini çox bəyəndim. Bizim üçün bu zal çox böyükdür. İsveçdə bir zalda maksimum 2-3 güləş xalçası olur. Burada isə 14 xalçanın olması güləşçilərin eyni vaxtda məşq etməsinə imkan verir. Bu da güləşin Azərbaycanın milli idman növü olduğunu göstərir. Gələcəkdə də burada toplanış keçməyi planlaşdırırıq”.

Estoniya yığma komandasının baş məşqçisi İvar Kotkas isə Bakı və idmançılar haqqında bunları söyləyib: “Estoniya ilə müqayisədə temperatur çox yüksəkdir. Lakin toplanışda hər şey qaydasındadır. Gətirdiyimiz üç güləşçi güclü sınaqçı-rəqiblərlə işləyir. Güləşçilərimizdən biri ən ağır çəkidə London Olimpiadasının gümüş medalçısı, ikiqat dünya çempionu Heyki Nabidir. Bu toplanış Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır. Ancaq Nabi Minskdə güləşməyəcək. Digər iki güləşçimiz Belarusda çıxış edəcək. Bakıda 3-4 dəfə olmuşam. İlk Avropa Oyunları zamanı da məşqçi kimi ölkənizə səfər etmişdim. Paytaxtınız haqqında ancaq xoş sözlər deyə bilərəm. Xüsusən də Bakının mərkəzi çox gözəldir. Bazar günü şəhərdə ekskursiya etməyi planlaşdırırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.