CƏMİYYƏT
“Serbiya-2018” beynəlxalq təlimində fərqlənən FHN əməkdaşları təltif olunublar
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Fövqəladə Hallar Nazirliyində (FHN) “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup əməkdaşın təltif olunması mərasimi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev onlara təbriklərini çatdıraraq xidmətdə uğurlar arzulayıb.
Xatırladaq ki, oktyabrın 7-11-də Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzi və Serbiya Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə fəlakətlərin nəticələrinin idarə olunması sahəsində “Serbiya-2018” təlimi keçirilib.
Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi uğurla iştirak edib.