DÜNYA
Serbiya Prezidenti: Ukrayna böhranı böyük qlobal münaqişələrə səbəb ola bilər
Belqrad, 17 may, AZƏRTAC
Ukraynadakı böhran böyük qlobal münaqişələrə səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Dünyada nüvə müharibəsinin kifayət qədər real olduğunu deyən A.Vuçiç qeyd edib: “Bunun başvermə ehtimalı baş verməmək ehtimalından çoxdur. Heç kim sülh istəmir. Hər kəs digərində olanın yarısını istəyir. Bu, indikindən qat-qat böyük müharibə olacaq. Ukraynadakı məhdud böhran böyük qlobal münaqişələrə səbəb ola bilər. Mənə elə gəlir ki, bu toqquşmalar payızda baş verəcək. Ona görə də mən qışın çətin keçəcəyini gözləyirəm. Daha böyük münaqişələr olduqca realdır”.
“Biz kifayət qədər benzin, kömür və ya təbii qaza sahib olub-olmadığımız barədə düşünməliyik. Biz sağ qala biləcəyikmi? Əmin olduğum məsələ odur ki, ciddi ərzaq qıtlığı olacaq. Enerji resursları çoxdur, ancaq bu resurslar siyasi böhranlar səbəbindən hər kəs üçün əlçatan olmayacaq. Ərzaq da kifayət etməyəcək. Mən buna əminəm”, - deyə Serbiya Prezidenti qeyd edib.
Rusiyaya qarşı sanksiya tətbiq etmədikləri üçün ölkəsinin çox çətinliklər yaşadığını bildirən A.Vuçiç deyib: “Mən demirəm ki, biz sanksiyalar tətbiq edəcəyik. Mövcud siyasətimizi qorumaq üçün əlimizdən gələni edirik. Əgər sanksiyalar tətbiq etsəydik, indikindən on qat daha yaxşı yaşaya bilərdik. Biz müstəqil və suveren ölkə kimi hərəkət etdiyimiz üçün bunu etmədik”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad