DÜNYA
Serbiya Srebrenitsada, dünya birliyi isə Xocalıda soyqırımını etiraf etməlidir
Berlin, 17 may, AZƏRTAC
Avropa Şurasının ekspertləri Serbiyanı 1995-ci ildə Srebrenitsada müsəlmanların kütləvi qətlə yetirilməsini soyqırımı kimi rəsmən tanımağa çağırıblar. Avropa Şurasının İrqçiliyə və Dözümsüzlük Əleyhinə Komissiyası məlumat verib ki, Serbiya parlamenti və prezidenti baş verənlərə görə üzr istəsə də, indiyədək beynəlxalq məhkəmələrin çıxardığı qərara müvafiq olaraq həmin hadisələri soyqırımı kimi qəbul etməyib.
1995-ci ilin iyul ayında – Bosniyada müharibənin başa çatmasına bir neçə ay qalmış – Bosniya-Serbiya birləşmələri 8000-dək müsəlmanı oğurlayıb və öldürüblər. Bu qətliam İkinci Dünya müharibəsindən sonra Avropada ən dəhşətli hərbi cinayət hesab olunur.
Avropa Şurasının müvafiq komissiyası öz bəyanatında soyqırımında və “irqçilik zəminində digər hərbi cinayətlərdə” təqsirkarların tutulmasında və məsuliyyətə cəlb olunmasında irəliləyişin zəif olmasına görə təəssüfünü bildirib. Sənəddə vurğulanır ki, soyqırımı faktının tanınması və zorakılığın bütün hallarının şəffaf araşdırılması “müxtəlif etnik qruplardan olan insanların bundan sonra zorakılıq zəminində yeni cinayətlər dalğası qorxusu altında yaşamamaları üçün mütləq lazımdır”.
Serbiya Bosniyada müharibə qurtarandan sonra beynəlxalq ədliyyə orqanlarının fikirlərinə baxmayaraq, Srebrenitsada soyqırımı faktını rəsmən tanımaqdan imtina edir.
Xatırladaq ki, Bosniyanın şaxtaçılar şəhərindəki soyqırımından 4 il əvvəl Ermənistanın silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı analoji qırğın törədib və beynəlxalq təşkilatlar sonralar bu hadisəni “Azərbaycan Srebrenitsası” adlandırıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin