QAN YADDAŞI
Serbiya ictimaiyyəti Xocalı qətliamı barədə məlumatlandırılıb
Belqrad, 28 fevral, AZƏRTAC
Serbiyanın danas.rs elektron qəzeti Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bu ölkədəki Azərbaycan diasporunun üzvü F.Səadətovun “Xocalı faciəsini anaraq” və balkanin.com xəbərlər portalı yerli müəllif D.Mitroviçin “Azərbaycanlılar Xocalı faciəsinin qurbanlarını hüznlə yad edirlər” adlı məqalələrini yayıb.
Hər iki məqalədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaları təmin etmək üçün Ermənistanın ölkəmizə qarşı gücdən istifadə edərək torpaqlarımızı işğal etməsi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edib azərbaycanlı mülki əhalini qəddarcasına öldürməsi, ağır yaralaması, əsir alıb dəhşətli işgəncələrə məruz qoyması, bəzilərinin taleyinin isə hələ də naməlum qalması barədə məlumat verilib.
Müəlliflər Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan hərbi qüvvələrinin mülki azərbaycanlılara qarşı zorakılıq siyasətinin sistematik xarakter daşıdığını və işğal olunmuş Azərbaycan ərazilərində etnik təmizləmələrin həyata keçirildiyini qeyd edərək bunun səbəbini Ermənistan rəhbərliyinin irqçi-ekstremist siyasəti ilə izah ediblər.
Məqalələrdə dünya mətbuatının 1992-cı ildə Xocalı soyqırımı barədə reportajlarından sitatlar göstərilib, oxşar faciələrin gələcəkdə təkrarlanması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad