QAN YADDAŞI
Serbiyada Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunub
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyində anım mərasimi təşkil olunub.
Ölkəmizin Serbiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki əvvəlcə iştirakçılar Xocalı soyqırımının ağır nəticələrini özündə əks etdirən fotoguşə ilə tanış olub, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, erməni separatçılarının ölkəmizə qarşı əsassız ərazi iddialarından və həyata keçirdikləri cinayətlərdən danışıb, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib.
Daha sonra Serbiyanın nüfuzlu yazıçısı Militsa Yeftimiyeviç Liliç və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Vladan Şkoriç Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüb, bu dəhşətli cinayəti törədənlərin öz layiqli cəzalarını almalı olduqlarını diqqətə çatdırıblar.
Səfirlik tərəfindən hazırlanmış, Xocalı soyqırımının səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV-lər arasında yayılıb. Eyni zamanda, səfirliyin təşəbbüsü ilə Serbiyanın geniş oxucu kütləsinə malik “Balkanin” xəbər portalında “Azərbaycan Xocalı qurbanlarını yad edir” başlıqlı məqalə dərc edilib.
Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.