CƏMİYYƏT
Serbiyada baş vermiş daşqın ölkənin tarixində ən dağıdıcı daşqındır VİDEO
Bakı, 19 may (AZƏRTAC). Ötən həftənin sonunda Balkan yarımadasında, xüsusən Serbiyada başlanmış güclü daşqınlar misli görünməmiş qəzalara səbəb olmuş, ölkəyə böyük ziyan vurmuşdur. Daşqın regionda başlanmış leysan yağışlar nəticəsində başlanmışdır. Bu yağışlar çayların məcrasından çıxmasına, böyük ərazilərin, o cümlədən şəhər və kəndlərin suyun altında qalmasına səbəb olmuşdur. Hazırda yağışlar kəsmişdir, lakin daşan çaylar və sürüşmələr hələ də əhali üçün ciddi təhlükə yaratmaqdadır. Meteoroloqlar leysan olacağını qabaqcadan proqnozlaşdırmışdılar, lakin yağışların intensivliyi, uzun sürməsi və nəticələri insanları şoka salmışdır.
Dağıdıcı daşqınlar Serbiyada, Bosniya və Herseqovinada onlarca adamın həyatına son qoymuşdur. Serbiyanın Tanyuq informasiya agentliyinin verdiyi xəbərə görə, Serbiyada 25 min nəfərdən çox adam yaşadığı yerlərdən köçürülmüşdür. Serbiyanın baş naziri Aleksandr Vuçiç demişdir ki, bu, “ölkənin tarixində baş vermiş ən böyük daşqındır”.
Serbiyanın hər yerində fövqəladə vəziyyət rejimi elan edilmişdir. Ölkə hökuməti cümə axşamı dünya birliyindən humanitar və texniki yardım istəmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə mayın 19-da Fövqəladə Hallar Nazirliyi tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportundan Serbiyaya humanitar yardım, o cümlədən texniki avadanlıq, 12 motorlu qayıq, 260 çadır, 1500 ədyal, 20 su nasosu yola salınmışdır.
Serbiyanın özündə təbii fəlakətdən zərər çəkənlərə yardım kampaniyası başlanmışdır. Zərərçəkənlərə yardım göstərmək istəyənlər aşağıdakı elektron ünvanı vasitəsilə vəsait köçürə bilərlər: http://www.floodrelief.gov.rs/eng/.