İDMAN
Serbiyalı cüdoçu Nemanya Maydov “Bakı-2018”də medallara iddiaçılar sırasında yer alıb
Bakı, 23 may, AZƏRTAC
Serbiya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakı mundialında dörd serbiyalı cüdoçu tatami üzərinə çıxacaq. Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Aleksandr Kukolj və Nemanya Maydov (hər ikisi 90 kq) şans verəcək.
Qadınların mübarizəsində isə Milisa Nikoliç (48 kq) və Yovana Roqiç (57 kq) birincilik uğrunda mübarizə aparacaq. Mötəbər turnirə iddialı heyətlə qatılacaq Serbiya yığmasının heyətində Nemanya Maydov Bakıdakı mundiala ciddi hazırlaşır.
1996-cı ildə Bosniya və Herseqovinada anadan olan Nemanya cüdo ilə kiçik yaşından məşğul olmağa başlayıb. Onun atası Lyubisa və qardaşı Stefan peşəkar cüdoçu olublar. Hazırda cüdoçunun şəxsi məşqçisi atasıdır.
Müxtəlif beynəlxalq turnirlərin mükafatçısı olan serbiyalı idmançı Beynəlxalq Cüdo Federasiyasının açıqladığı reytinq cədvəlində dördüncü pillədə qərarlaşıb.
Cüdoçu 2014-cü ildə Nankində təşkil olunan Yeniyetmələrin II Olimpiya Oyunlarında bürünc medal qazanıb. İdmançı ötən il Macarıstanda keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nemanya cari ildə İsraildə baş tutan Avropa çempionatında da fərqlənərək qızıl medal qazanıb.
Serbiyalı cüdoçu “Bakı-2018”də fərqlənməklə karyerasında yeni səhifə aça bilər. Belə ki, Bakı tatamisində qazanılacaq qızıl medalla cüdoçu ikiqat dünya çempionu adına yiyələnəcək.
Cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.