Serbiyanın ailə rifahı və demoqrafiya naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub
AzerTAg.az
Bakı, 10 mart, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Dariya Kisiçin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev qonaqları mərkəzin fəaliyyəti ilə tanış edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan ardıcıl addımlar barədə qonaqlara məlumat verilib. Şəhid ailələri üzvlərinin, əlilliyi olan şəxslərin, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, aztəminatlı ailələrin üzvlərinin və digər həssas qrupların yaradıcı potensialının dəstəklənərək inkişaf etdirilməsinin də mühüm prioritetlərdən olduğu bildirilib.
2021-ci ilin oktyabrında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Bakıda açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin də bu sahədə fəaliyyət göstərdiyi qeyd olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzin Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər geniş fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu vurğulanıb.
Nümayəndə heyəti mərkəzdə yaradılan şərait, müxtəlif istiqamətlərdə (təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, floristika, kulinariya, səhnə ifaçılığı, kapoeyra və s.) aparılan, 150-dək benefisiarı əhatə edən təlimlər, benefisiarların hazırladıqları yaradıcılıq nümunələri ilə tanış olublar.
Təlimlərə cəlb olunan həssas qrupların bacarıq və yaradıcılıq potensiallarının inkişaf etdirilməsi ilə yanaşı, burada onlarla bağlı fərdi inkişaf planları əsasında kompleks reabilitasiya işlərinin də aparıldığı diqqətə çatdırılıb. Mərkəzin benefisiarlarının ifasında konsert proqramı təqdim edilib.










Xəbərin mətnində orfoqrafik səhv var