MƏDƏNİYYƏT
Serdar Ünsal “Ürəyim İrəvanda qaldı” romanı ilə oxucuların görüşünə gəlib
İzmit, 22 aprel, AZƏRTAC
Türkiyə Azərbaycan Dərnəyinin (TAD) İqdır şöbəsinin sədri, pedaqoq, jurnalist, tədqiqatçı–yazıçı Serdar Ünsalın “Ürəyim İrəvanda qaldı“ romanı nəşr olunub. Erməni yalanlarını ifşa edən bu kitab real hadisələri əks etdirir. Romanda Vətənə, anasına, atasına, uşağına, qardaşına, evinə həsrət qalaraq həyatdan köçən bir qadının həyat hekayəsinin təsviri verilib.
Romanda 1920-ci ildə İrəvanda yaşayan Azərbaycan türklərinin erməni vəhşiliyinə məruz qalaraq doğma torpaqlarından necə didərgin salınmaları obrazlı şəkildə oxucuya çatdırılır. Müəllif ermənilərin hücumu nəticəsində İrəvandan Araz çayına oradan İrana, İrandan da Türkiyəyə - İqdıra gəlib min bir çətinliklərlə yaşamağa çalışan bir insanın həyat hekayəsində ermənilərin iç üzlərini, tarixi Azərbaycan ərazilərində son yüzillikdə törətdikləri vandalizmdən söhbət açılır, erməni separatçılarının və terrorçularının vəhşiliyindən və onların qonşu dövlətlərin tarixi ərazilərinə iddiasına diqqət çəkilir.
Müəllif kitabın girişində yazır: “Roman həyatda yaşanmış bir hekayədir və bölgəmizdə minlərlə ürəkləri İrəvanda qalanlar var. Çünki geridə qalan yalnız bir ailənin deyil, minlərlə ailənin ürəyidir. Yaşanmış bir kədərin, bir qaçışın, bir kökdən zorla qoparılmanın hekayəsidir, daha doğrusu, ermənilərin hücumu nəticəsində İrəvandan qaçanların hekayəsidir. Mənim nənəm İrəvanda evini, sevdiklərini, atasını qoyaraq həyat yoldaşı və qızı ilə İrana qaçarkən ermənilər tərəfindən Araz çayında ərinin vurulmasını ölənə qədər unuda bilmədi. Beləliklə, erməni vəhşiliyini ən yaxşı şəkildə bu romanda izah etməyə çalışdım”.
Qondarma “erməni soyqırımı”nın 100 iliyinin qeyd edildiyi bir ərəfədə çap olunan bu roman əsl həqiqətlərin nədən ibarət olmasını bir daha dünyaya təqdim edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmit