REGİONLAR
Serebral iflicli və daun sindromlu uşaqlar üçün bayram şənliyi təşkil edilib
Göyçay, 30 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi (İB) Gənclər üçün Təhsil Mərkəzi ilə birgə “Park Bulvar”da “Qəlbimizlə döyünən nar dənələri” adlı xeyriyyə tədbiri təşkil edib.
“AzNar” QSC-nin maddi dəstəyi, “Sağlam ailə” Tibb Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun köməkliyi ilə həyata keçirilən xeyriyyə aksiyasının məqsədi aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan serebral iflicli və daun sindromlu uşaqları bir araya gətirərək onlara diqqət və qayğı göstərmək, birgə bayram sevincini paylaşmaqdan ibarət olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin cəmiyyətə inteqrasiya olunmasının vacibliyindən danışıblar.
İB-nin sədri Əzizağa Atakişiyev xeyriyyə aksiyası haqqında geniş məlumat verərək, bu istiqamətdə icra olunan layihələrin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial siyasətdən bəhrələnərək daha geniş miqyasda davam etdiriləcəyini vurğulayıb.
Tədbir iştirakçıları bu xeyriyyə mərasiminə yaxından köməklik göstərdiyinə görə Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədova təşəkkür ediblər.
Tədbirdə “Qayğı” Reabilitasiya Mərkəzində təlim-tərbiyə alan serebral iflicli və daun sindromlu uşaqlar iştirak edib. Uşaqlara Yeni il bayramı münasibətilə “AzNar” QSC-nin məhsulları və digər hədiyyələr təqdim olunub. Tədbirdə uşaqlar üçün xeyriyyə sərgisi də açılıb.