SİYASƏT
Sergey Lebedev: Azərbaycanda keçirilən prezident seçkiləri müsbət təəssüratlar yaradır VİDEO
Bakı, 9 oktyabr (AZƏRTAC). Azərbaycanda keçirilən prezident seçkiləri müsbət təəssüratlar yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanda prezident seçkilərini müşahidə edən missiyanın rəhbəri, Müstəqil Dövlətlər Birliyinin icra katibi Sergey Lebedev bildirmişdir.
İcra katibi bildirmişdir ki, o, Bakıda və şəhərdən kənarda 13 seçki məntəqəsində olmuşdur. “Demək istərdim ki, seçkilərə hazırlıq işləri yaxşı olmuşdur və bu da səsvermənin gedişatına müsbət təsir etmişdir. Seçki məntəqələri rahat və texniki cəhətdən yaxşı təchiz olunmuş binalarda yerləşir. Təbii ki, bunun da məntəqələrin işinə təsiri müsbət olmuşdur”, - deyə S.Lebedev vurğulamışdır.
İcra katibi bildirmişdir ki, seçicilər öz adlarını siyahılarda asanlıqla tapa bilirdilər. Adları olmayanlar isə əlavə siyahıya alınmışlar və onların səsvermə hüququ təmin edilmişdir: “Biz hamımız seçki məntəqələrinin işində nizamın olmasının şahidi olduq. Eyni zamanda, seçicilərlə də görüşdük, onların fikirlərini öyrəndik. Seçicilərin fikirləri isə müsbət idi”.