DÜNYA
Sergey Lebedev: Belarusda parlament seçkilərinin təşkilatçıları ilə qarşılıqlı fəaliyyət yüksək səviyyədədir
Minsk, 10 sentyabr, AZƏRTAC
Altıncı çağırış Belarus Milli Məclisinin Nümayəndələr Palatasına deputat seçkilərinin gedişini izləyən MDB Müşahidəçilər Missiyasının rəhbəri Sergey Lebedevin fikrincə, bu missiyanın iştirakçıları və parlament kampaniyasının təşkilatçıları keyfiyyətli qarşılıqlı fəaliyyəti tənzimləməyə nail olublar.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, S.Lebedev bu fikrini sentyabrın 10-da 77 nömrəli Zaslavski seçki dairəsinin səsvermə məntəqələrində olarkən söyləyib.
S.Lebedev deyib: “Seçkilərin təşkilatçıları ilə əlaqəmiz yaxşıdır. Biz hər yerdə açıqlıq görürük. Sənədlərə, kabinetlərə baxmaq istəyəndə bizə heç yerdə heç bir maneçilik olmur. Yəni, seçki prosesinə cavabdeh olanların hamısı ilə yaxşı işgüzar əlaqə tənzimlənib. Bu, ilk növbədə Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına aiddir”.
MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri çoxlu dairə seçki komissiyalarında, o cümlədən vaxtından əvvəl səsvermə keçirilən dövrdə çoxsaylı seçki məntəqələrində olduğunu bildirərək deyib: “Bütövlükdə seçki kampaniyasının gedişi bizdə müsbət təəssürat yaradıb. Daha bir müsbət məqamı qeyd etmək istərdim – bütün Belarus ərazisində səsvermə məntəqələri çox yaxşı binalarda - ümumtəhsil məktəblərində, ali məktəblərdə, mədəniyyət evlərində, müəssisələrdə və bir qayda olaraq, geniş zallarda yerləşir. Bütün məntəqələrdə deputatlığa namizədlər haqqında, Belarusun seçki qanunvericiliyi barədə zəruri informasiya var”.
Missiyanın rəhbəri öz mövqeyini əsaslandırmaq üçün əlavə arqumentlər də göstərib: “Parlamentdə yerlərə iddiaçıların proqramları, partiya nümayəndələrinin çıxışları qəzetlərdə dərc edilib, küçələrdə bilbordlar quraşdırılıb”.
MDB-dən olan müşahidəçilər missiyası iyulun 1-dən bəri uzunmüddətli müşahidə aparır. Missiyanın aralıq hesabatı artıq dərc olunub. Sergey Lebedev qeyd edib ki, Belarusda seçki kampaniyasının gedişi müsbət təsir bağışlayır. Ölkənin bütün vilayətlərində MDB-dən 44 uzunmüddətli müşahidəçi işləyir, buna görə də missiya bu sahədə yaranmış mənzərə ilə tam tanışdır.
MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri bildirib ki, missiyada 334 nəfər akkreditasiyadan keçib. Onlar hamısı, o cümlədən Azərbaycandan olan müşahidəçilər Belarusa gəliblər. Müşahidəçilər arasında parlament üzvləri, diplomatlar, müxtəlif səviyyəli seçki komissiyalarının üzvləri, habelə MDB ölkələrinin Mərkəzi Seçki Komissiyalarının rəhbərləri də var. Sergey Lebedev sonda deyib: “Bizim missiyanın tərkibinin yüksək səviyyəsi belə güman etməyə əsas verir ki, seçkilərin nəticələri obyektiv və ölçülüb-biçilmiş şəkildə qiymətləndiriləcək”.
Xatırladaq ki, Nümayəndələr Palatasına deputat seçkiləri sentyabrın 11-nə təyin edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk