İDMAN
Sergey Şipov Rusiya komandasını turnirin favoriti saymır
Bakı, 1 oktyabr, AZƏRTAC
Rusiya yığmasının Batumidəki Şahmat Olimpiadasında uğursuz çıxışı sürpriz deyil, çünki komandanın liderləri Sergey Karyakin və Vladimir Kramnik böhran vəziyyətindədir. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri şahmat şərhçisi Sergey Şipov səsləndirib.
Bazar günü Rusiya yığması Hindistan komandası ilə heç-heçə oynayıb. Rusiyalı şahmatçıların hesabında dörd qələbə, bir məğlubiyyət və heç-heçə var və onlar turnir cədvəlində 14-cü yeri tuturlar.
“Kişilərdən ibarət Rusiya yığmasının çətinlikləri əvvəldən bilinirdi. Komandanın heyəti və hazırlığı ilə bağlı problemlər vardı. İndi aydındır ki, yığmanın liderləri müəyyən böhran vəziyyətindədir - bu, Sergey Karyakinə və Vladimir Kramnikə aiddir. Aydındır ki, Rusiya yığması bu Olimpiadanın favoriti deyil. Qəribə olan şahmatçılarımızın kimə qarşı və necə xal itirməsindədir. Turnirin favoritləri isə Azərbaycan, ABŞ və Polşa komandalarıdır. Polyaklar ümumən müsbət mənada Olimpiadanın sensasiyası oldular”, - deyə şahmat şərhçisi bildirib.
Şipovun qənaətinə görə, qadınlardan ibarət Rusiya yığması turnirə bir o qədər uğurla başlamasa da, medallara iddia edə bilər: “Qadınlardan ibarət Rusiya yığmasının çıxışı gözlənilməz oldu. Mən elə bir mütəxəssis tanımıram ki, qadın şahmatçılarımızın keçirdiyi matçlarda itirdiyi xalları əvvəldən söyləyə bilsin. İndi yığmamız hər hansı dəyərdə medal qazanmaq üçün qalan beş matçı qələbə ilə başa vurmalıdır”.
Rusiya qadın şahmatçılarının hesabında dörd qələbə və iki məğlubiyyət var, onlar 14-cü yeri tuturlar. Turnirin lideri isə ABŞ komandasıdır. “Buna baxmayaraq, məhz bizim qadın yığmamızın medal almaq şansı var. Bizim mübariz, sınaqdan keçmiş heyətimizdə ən güclülər təmsil olunub. Mən qızlarımıza inanıram. Kişilərimiz isə fədakarlıq nümayiş etdirməlidir”, - deyə Şipov əlavə edib.
Turnirdə açıq bölmədə altı turdan sonra hər biri 12 xal toplamış Azərbaycan və Polşa komandaları liderlik edirlər. ABŞ yığması liderlərdən bir, daha on komanda isə iki xal geridədir. Qadınlar arasında ABŞ, Gürcüstan və Ermənistan komandaları 11 xalla irəlidədirlər. Daha on komanda, o cümlədən Azərbaycan yığması bir xal geridədir.
Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.