SİYASƏT


Sergey Strokan: Təəssüf ki, Rusiya jurnalistləri azərbaycanlı jurnalistlərin həlak olmasına münasibət bildirmədi

Moskva, 12 iyun, AZƏRTAC

İnsanların, xüsusən jurnalistlərin öz peşə borcunu yerinə yetirərkən həlak olması dəhşətli faciədir. Mən çox təəssüflənirəm və kədərlənirəm ki, Rusiya KİV-lərində bu faciəyə lazımınca münasibət bildirilmədi, bu haqda informasiya çox ötəri keçdi. Başqa hallarda aşkar təzahür edən jurnalist həmrəyliyi bu dəfə harasa qeyb oldu. Bu, çox kədərli haldır.

Jurnalist, Rusiyadakı “Kommersant” nəşrlər evinin siyasi icmalçısı Sergey Strokan bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində, Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin faciəvi şəkildə həlak olmasını şərh edərkən söyləyib.

Onun sözlərinə görə, jurnalist işinin, o cümlədən qaynar nöqtələrdə onların fəaliyyətinin təhlükəli olması barədə növbəti xəbərdarlıq olan bu hadisə həm də bir daha xatırladır ki, Cənubi Qafqazda vəziyyət uzunmüddətli nizamlamadan hələ çox uzaqdır.

S.Strokan deyib: “Sözün hərfi və məcazi mənasında real minalar var. Məsələn, Bakı minalanmış sahələrin xəritəsini ala bilmir. Təəssüf ki, bizim rahat nəfəs almağımıza imkan verməyən siyasi minalar da var. Belə bəyanatlar səslənir ki, münaqişə hələ sona qədər nizamlanmayıb, ona yenidən baxmaq lazımdır. Ermənistanda seçkiqabağı kampaniya getdiyini də, hakimiyyətə can atan qüvvələrin necə bəyanatlarla çıxış etdiklərini də bilirik. Onlar deyirlər ki, üçtərəfli Bəyanat onları qane etmir, Qarabağ məsələsini yenidən qaldırmaq, Qarabağı danışıqlar masası arxasında əyləşdirmək lazımdır və sair. Belə qüvvələr müqavimət göstərir, nizamlama proseslərinin sabotaj edirlər: minalanmış sahələrin xəritələrini verməkdən imtina edilməsi bu sabotajın təzahürlərindən biridir. Təəssüf ki, biz hələ də sanki barıt çəlləyinin üstündə, böyük bir minanın üstündə əyləşmişik. Bu mina partlayarsa, çox böyük insan tələfatı və siyasi itkilər baş verə bilər”.

Rusiyalı jurnalist ümidvar olduğunu bildirib ki, belə gurultulu bəyanatlar seçkiqabağı ritorikadır.

S.Strokan sonda deyib: “Ümidvaram ki, seçkilər başa çatandan sonra sağlam düşüncə üstün gələcək. Biz çox sadə bir həqiqəti dərk etməliyik - əgər birisi keçən ilin noyabr ayında əldə edilmiş, təkcə Azərbaycanın və Ermənistanın rəhbərləri tərəfindən deyil, həm də Rusiya Prezidenti tərəfindən imzalanmış razılaşmaların onu qane etmədiyini ciddi şəkildə deyirsə, əgər həmin adam bu razılaşmalara yenidən baxmağa hazır olduğunu ciddi şəkildə deyirsə, o adam özünə belə bir sual versin: bundan ötrü onun sərəncamında hansı mexanizmlər, hansı resurslar, vasitələr və imkanlar var? Revanşdan danışan qüvvələrin arxasında kimlər dayanır? Onlar nə edə bilərlər? Əgər onlar Rusiyaya güvənirlərsə, mən təsəvvür edə bilmirəm ki, Rusiya son yarım ildə bu məsələ ilə bağlı əldə olunanların hamısını məhv etsin. Əminəm ki, bütün bunlar nə qədər acı, nə qədər zəhərli olsa da, yalnız ritorikadır və seçkilərdən sonra bulanıq, çirkli köpük kimi axıb gedəcək”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.