CƏMİYYƏT


“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

Bakı, 27 iyun, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə təsadüf edən tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını böyük iftixar hissi ilə vurğulayıblar.

Dövlət Sərhəd Xidmətinin, Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planı əsasında hər il ənənəvi olaraq keçirilən “Sərhəd” hərbi-idman oyunlarının gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynadığı xüsusi qeyd edilib.

“Sərhəd” hərbi-idman oyunlarına rеspublikamızın 34 sərhədyanı və digər rayonlarından 178 məktəbin 890 nəfər şagirdi qatılıb və gərgin mübarizə şəraitində keçən oyunların zona yarışlarının qalibi olmuş 10 komanda final mərhələsinə vəsiqə qazanıb.

Oyunların final mərhələsində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndinin 2 nömrəli tam orta məktəbinin “Babək”, Beyləqan rayonunun Araz qəsəbəsinin 1 nömrəli tam orta məktəbinin “Araz”, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin”, Lənkəran rayonunun Haftoni kənd tam orta məktəbinin “Xəzər”, Qəbələ rayonunun Vəndam kənd tam orta məktəbinin “Vəndam-1”, Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd tam orta məktəbinin “Sərhədçi”, Yevlax rayonunun 5 nömrəli tam orta məktəbin “Çeviklər”, Qazax rayonunun 1-ci Şıxlı kənd tam orta məktəbin “Dəli Kür”, Qusar rayonunun Yuxarı Zeyxur tam orta məktəbinin “Zeyxur” və Xəzər rayonu 117 nömrəli tam orta məktəbin “Xəzər” komandaları iştirak edib.

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsində məktəblilər ənənəvi olaraq “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baхışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaхalanması və onun təхliyəsi”, “TOZ-8 tüfəngindən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilərək təхliyə olunması” və “Ləpirçilik” mərhələlərində öz bilik və bacarıqlarını nümayiş еtdirəcəklər.

Hərbi-idman oyununun keçiriləcəyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olacaq, Lənkəran və Astara rayonlarında onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil olunacaq, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçiriləcək.

“Sərhəd” hərbi-idman oyunları iyulun 3-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.