CƏMİYYƏT


“Sərhəd” hərbi-idman oyununun qalibləri mükafatlandırılıblar VİDEO

Bakı, 4 iyul, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətinin (DSX) gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirdiyi tədbirlər arasında “Sərhəd” hərbi-idman oyunları xüsusi yer tutur.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, artıq ənənəyə çevrilmiş bu hərbi-idman oyunları Dövlət Sərhəd Xidməti rəisinin, təhsil nazirinin, gənclər və idman nazirinin birgə qərarı əsasında keçirilir. Bu oyunlar gənc nəslin ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyəsində, Vətənə məhəbbət, dövlətə sədaqət hissinin aşılanmasında, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümünə həsr olunmuş və üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 34 sərhədyanı və digər rayonların 178 məktəbinin 890 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 10 komanda - Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndinin 2 nömrəli tam orta məktəbin “Babək”, Beyləqan rayonu Araz qəsəbəsinin 1 nömrəli tam orta məktəbin “Araz”, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin”, Lənkəran şəhər Haftoni kənd tam orta məktəbinin “Xəzər”, Qəbələ rayonu Vəndam kənd tam orta məktəbinin “Vəndam-1”, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinin “Sərhədçi”, Yevlax rayonu 5 nömrəli tam orta məktəbin “Çeviklər”, Qazax rayonu 1-ci Şıxlı kənd tam orta məktəbinin “Dəli Kür”, Qusar rayonu Yuxarı Zeyxur tam orta məktəbinin “Zeyxur” və Xəzər rayonu 117 nömrəli tam orta məktəbin “Xəzər” komandaları finala vəsiqə qazanıblar.

Oyunların final mərhələsi iyunun 25-dən iyulun 3-dək Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçirilib. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verib.

Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.

Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası birinci, Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası ikinci, Beyləqan rayonu Araz qəsəbəsi 1 nömrəli tam orta məktəbinin “Araz” komandası isə üçüncü yeri tutublar.

Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin rəsmiləri qalib komandaları təbrik edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə “Sərhəd” hərbi-idman oyununun qalibləri kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.