SİYASƏT


“Sərhəd mənim taleyimdir” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 25 may, AZƏRTAC

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının klubunda görkəmli hərbi xadim general-mayor Abbasəli Novruzovun 85 illik yubileyinə həsr olunan “Sərhəd mənim taleyimdir” adlı vətənpərvərlik tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə veteranları Azərbaycanın “Qızıl fondu” adlandıran ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün, suverenliyinin qorunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, uzun müddət generalın rəhbərliyi altında Sərhəd Qoşunlarında xidmət etmiş ehtiyatda olan polkovnik Cəlil Xəlilov ömrünün 60 ilini Vətənimizin təhlükəsizliyinin müdafiəsinə və müqəddəs sərhədlərimizin mühafizəsinə həsr etmiş general-mayor Abbasəli Novruzovun 85 illik mənalı ömür yolu barədə ətraflı məlumat verib, onunla bağlı xatirələrini bölüşüb.

Hələ 21 il öncə general-mayor Abbasəli Ramazan oğlu haqqında “Sərhəd mənim taleyimdir” adlı kitab yazan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq müdafiə naziri general-polkovnik Zakir Həsənovun yubilyara ünvanladığı təbriki və Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində, o cümlədən vətənpərvərlik tərbiyəsi işində fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti adından müdafiə nazirinin əmri ilə təltif olunduğu “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalını A.Novruzova təqdim edib.

Müdafiə nazirinin təbrikində deyilir: “Cənab general-mayor, hörmətli Abbasəli müəllim! Siz sıravi əsgərdən “general-mayor” ali hərbi rütbəsinə qədər yüksəlmiş, hüquqşünas, hərbi tərcüməçi, kəşfiyyatçı kimi tanınmış, Zaqafqaziya Sərhəd Dairəsinin kəşfiyyat idarəsinin rəis müavini, Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifələrində göstərilən etimadı layiqincə doğrultmuş, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunları komandanı vəzifələrində şərəflə xidmət etmisiniz. Vətən qarşısında xidmətləriniz həmişə yüksək qiymətləndirilib. Sinənizi “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə yanaşı, digər orden-medallar da bəzəyir.

Siz böyük şəxsiyyət, səmimi, qayğıkeş insan, hərbi, ictimai-siyasi xadimsiniz. Yüzlərlə yetirməniz bu gün Silahlı Qüvvələrdə Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edirlər. Onlar ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında xüsusilə fərqləniblər. Mən fəxr edirəm ki, vaxtilə Sizin rəhbərliyiniz altında Sərhəd Qoşunlarında xidmət etmiş və zəngin təcrübələrinizdən bəhrələnmişəm”.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun telefon vasitəsilə tədbirə qoşulması və general-mayor A.Novruzovu 85 illik yubileyi münasibətilə təbrik etməsi həm yubilyara, həm də tədbir iştirakçılarına qürurlu və duyğulu anlar yaşadıb.

Abbasəli Novruzov göstərilən bu səmimi münasibətə, diqqətə, qayğıya görə müdafiə nazirinə minnətdarlıq edib.

Respublika Veteranlar Təşkilatının sədri, ömrünün 101-ci baharına qədəm qoyan Fatma xanım Səttarova veteranlara, taleyini Vətənə xidmət peşəsinə həsr etmiş veteran hərbi qulluqçulara, qazilərə göstərilən bu diqqətin əsasında ulu öndər Heydər Əliyev ənənələrinin durduğunu və bu ənənələrin Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Fatma Səttarova müdafiə nazirini əmin edib ki, Azərbaycanın veteranlar ordusu da bu gün Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hazırdır və gənclərin orduya hazırlanması, peşə seçimində xüsusi təyinatlı təhsil müəssisələrinə önəm verməsi, ümumiyyətlə, onların vətənpərvərlik tərbiyəsi işində bundan sonra da səylərini əsirgəməyəcəklər.

Yubilyara Respublika Veteranlar Təşkilatının xatirə hədiyyələri təqdim olunub.

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin general-mayor Abbasəli Novruzovun yubileyi münasibətilə hazırladığı videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Milli təhlükəsizlik orqanlarının veteranları, ehtiyatda olan polkovniklər Elşad Şabanov, Sücəddin Abdullayev, Lətif Babayev, Milli Məclisin ikinci çağırış deputatı olmuş Silahlı Qüvvələr veteranı, istefada olan general-mayor Vladimir Timoşenko, hüquq-mühafizə orqanları veteranları professor Bəhram Zahidov, Çingiz Bəşirov, “Dərələyəz” qəzetinin baş redaktoru Raqub Kamalov və başqaları çıxış edərək general-mayor Abbasəli Novruzov haqqında xoş xatirələrini söyləyib, onu səmimi insan, şəxsiyyət, peşəkar, yorulmaz, vətənpərvər hərbçi kimi səciyyələndirib və generalın keçdiyi şərəfli ömür yolunun gənclərimiz üçün bundan sonra da örnək olacağına əminliklərini bildiriblər.

Sonda 85 yaşlı veteran göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə və tədbirin təşkilatçılarına minnətdarlıq edib, ömrünün sonuna qədər müstəqil Azərbaycanımıza layiqli, vətənpərvər övladların yetişdirilməsi, onların tərbiyə olunması üçün var qüvvəsi ilə çalışacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.