İDMAN
“Sərhədçi” Atçılıq Mərkəzində “Arzu Kuboku” uğrunda konkur yarışları keçirilib VİDEO
Bakı, 19 iyul, AZƏRTAC
“Sərhədçi” Atçılıq Mərkəzinin açıq manejində “Arzu Kuboku” uğrunda konkur yarışları keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə ölkəmizin müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.
“E” kateqoriyası üzrə 80 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək atlarla iştirak ediblər. On iki idmançının iştirak etdiyi mübarizədə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Rəna Axundova “Tibet” ləqəbli atla birinci yeri tutub. “Murad” atçılıq klubunun idmançısı Sona Məmmədova “Elano-C” ləqəbli atla ikinci yerin sahibi olub. “Omar” atçılıq klubunun idmançısı Nurlan Rüstəmov “Lothar 41” ləqəbli atla üçüncü, “Elit” atçılıq klubunun üzvü Ramil İbrahimov isə “Alart S” ləqəbli atla dördüncü yeri tutublar. Beşinci yerdə “Alex” ləqəbli atla “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov qərarlaşıb.
“L” kateqoriyası üzrə yarışda çaparlar hündürlüyü 110 santimetr olan maneələr üzrə mübarizə aparıblar. On yeddi idmançının iştirak etdiyi yarışda “Buta Golden” klubunun təmsilçisi İqor Morotski “Fine Chocolate” və “Astrello” ləqəbli atlarla birinci və ikinci yerlərdə qərarlaşıb. Üçüncü pillədə “D’Amour” ləqəbli atla “Murad” atçılıq klubu”nun idmançısı Kənan Novruzov yer alıb. “Elit” atçılıq klubu”nun idmançısı Rəşad Səmədov “Zirvə” ləqəbli atla dördüncü, “Gilan” klubunun təmsilçisi Rahib İsmayılov isə “Khazar” ləqəbli atla beşinci olublar.
Turnirin sonuncu - “M**” kateqoriyalı yarışında iştirak edən 9 at hündürlüyü 125 santimetr olan maneələri dəf ediblər. Bu yarışda “Buta Golden” klubunun üzvü Eqor Morotski “Astrello” ləqəbli atla qalib adını qazanıb. O, həm də “Murad” kubokunun sahibi olub. “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla ikinci, “Elit” klubunun üzvü Rəşad Səmədov isə “Zirvə” ləqəbli atla üçüncü yerdə qərarlaşıblar.