CƏMİYYƏT
Sərhədçilərimiz ermənilərin Mil-Muğan Hidroqovşağına qarşı təxribatının qarşısını alıblar VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Füzuli rayonu ərazisində İran İslam Respublikası ilə sərhəddə ermənilərin növbəti təxribatının qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyunun 18-də saat 09:50 radələrində Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Əhmədalılar sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirən sərhəd naryadı tərəfindən Araz çayının sahil xəttinə baxış keçirilərkən ağac kötüyünə bağlanmış və sərt maneə ilə toqquşduqda partlamaya hazır vəziyyətdə olan “RPQ–7” tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi aşkarlanıb.
Dərhal zəruri tədbirlər görülüb, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb. Sərhədçilər tərəfindən qumbara mərmisinin vaxtında aşkar edilməsi sayəsində Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağına qarşı yönəlmiş düşmən təxribatının qarşısını almaq mümkün olub.
Qumbara mərmisinin aşkarlandığı ərazi nəzarətə götürülüb. Mərmi zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra Dövlət Sərhəd Xidmətinin istehkamçı mütəxəssisləri tərəfindən zərərsizləşdirilib.