DÜNYA


Serj Sarkisyan 2008-ci ilin mart qırğınlarına görə məhkəməyə verilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Ermənistanı uzun müddət idarə edən hərbi xunta rejiminin rəhbəri Serj Sarkisyan 2008-ci ilin mart qırğınlarına görə məhkəməyə verilib. Sabiq prezident Robert Köçəryan isə Nikol Paşinyanla mübarizəyə başlayır. İşğalçı ölkədə etirazlar da səngimir.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan baş prokurorunun keçmiş müavini Armen Danielyan ölkənin sabiq prezidenti və baş naziri Serj Sarkisyanı məhkəməyə verib. O, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, habelə parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub. Sarkisyanın göstərişinə qarşı çıxdığı üçün vəzifəsindən azad edilib. Danielyan indi pozulmuş hüquqlarının bərpasını tələb edir.

Bu arada Avropa məhkəməsi isə 10 il əvvəlin dövlət terroru ilə bağlı iki hökm çıxarıb. Məhkəmə İrəvanda 2008-ci ilin mart mitinqləri zamanı insan hüquqlarının pozulduğunu təsdiqləyib. Çıxarılan qərara əsasən, Ermənistan hökuməti həmin vətəndaşlara təzminat ödəməlidir. Sabiq prezident Robert Köçəryan isə Nikol Paşinyanla mübarizəyə başlayır. O, “RİA Novosti”yə müsahibəsində partiya yaratmaq və müxalifət olmaq niyyətini açıqlayıb. Bildirib ki, hazırda Ermənistanın müxalifət düşərgəsində boşluq hiss etdiyi üçün siyasətə qayıtmağı qərara alıb.

İşğalçı ölkədə siyasi gərginliklə yanaşı, etirazlar da səngimir. İrəvanda idmançılar Tumanyan-Abovyan prospektini bağlayıblar. Aksiya Ermənistan Olimpiya Kompleksinin qarşısında davam edib. Bir qrup boksçu bu idman sahəsinə olan laqeyd münasibətdən şikayətçidir. Avtomobil ticarəti ilə məşğul olanlar isə Ermənistan-Gürcüstan sərhədində aksiya keçirirlər. Etirazçıların sözlərinə görə, onlara ölkəyə avtomobil gətirməyə icazə vermirlər. Bu isə bizneslərinə ciddi zərər vurur. İddia olunur ki, hökumət hər yolla iş adamlarını ölkədən qaçırmağa çalışır. Ermənistan mətbuatı yazır ki, hazırda 130 avtomobil Ermənistan tərəfdə, 2000 avtomobil isə Gürcüstan tərəfdə gömrük postunda saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.