DÜNYA
Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyi rəsmən irəli sürülüb
Bakı, 16 aprel, AZƏRTAC
Ermənistanın hakim Respublika partiyası və onun tərəfdaşı olan “Daşnaksütyun” partiyasının parlament fraksiyası bu gün sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri postuna namizədliyini rəsmən irəli sürüb. Bunu parlamentdə fraksiyanın rəhbəri Armen Rustamyan bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bununla eyni vaxtda Sarkisyanın baş nazir vəzifəsinə təyin olunmasına etiraz edən müxalifət fəalları kütləvi etiraz aksiyaları keçirirlər. Yerevanın əsas küçələri iflic vəziyyətinə düşüb, vətəndaşlar öz iş yerlərinə gedə bilmirlər. Polis müxalifətin bütün hərəkətlərinin qeyri-qanuni olduğunu bildirsə də, hələlik güc tətbiq etməkdən çəkinir. Son məlumatlara görə, polis işçiləri ilə mitinqçilər arasında toqquşma baş verib. Bir neçə nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, etiraz hərəkatının lideri, müxalif deputat Nikol Paşinyan tərəfdarlarını vətəndaş itaətsizliyinə səsləyib, körpüləri və metro stansiyalarını bağlamağa çağırıb. O, həmçinin analoji aksiyaların Gümrü şəhərində də keçirildiyini və burada fəalların bir neçə mərkəzi küçəni bağladığını deyib.
Ermənistan parlamentində baş nazir seçkilərinin aprelin 17-də keçiriləcəyi gözlənilir.