REGİONLAR
Serjan Abdıkarimov: Məni ən çox heyrətləndirən Naxçıvan şəhərindəki nizam-intizam və səliqə-sahman oldu
Naxçıvan, 12 dekabr, AZƏRTAC
Gördüklərimə əsasən deyə bilərəm ki, Naxçıvan ilk mədəniyyətlərin formalaşdığı qədim diyardır. Məni ən çox heyrətləndirən isə Naxçıvan şəhərindəki nizam-intizam və səliqə-sahman oldu. Hər şey Qərbi Avropanın şəhərlərində olduğu kimidir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov deyib.
Muxtar respublikaya ilk dəfədir səfər etdiyini bildirən Serjan Abdıkarimov qeyd edib ki, qədim və gözəl diyarla tanış olduğuma görə çox şadam. “Böyük həvəslə bir sıra müqəddəs yerləri gəzdim, dünya əhəmiyyətli tarixi məkanlarda oldum, - deyən diplomat göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib.
Qazaxıstan səfiri vurğulayıb ki, səfər çərçivəsində təhsilin, ticarətin, elmin, turizmin inkişafına təsir edəcək əlaqələrin genişlənməsi istiqamətində uğurlu əməkdaşlıq imkanlarını müzakirə edib, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullarla tanış olmaq imkanı qazanıb.
O deyib: “Bu gün Naxçıvanda ərzaq məhsullarından avtomobillərə qədər geniş istehsal prosesi yaradılıb. Bu inkişaf, qazanılan uğurlar, təbii ki, qardaş ölkənin vətəndaşı kimi bizi də çox sevindirir. Əminəm ki, muxtar respublikaya səfərim, burada keçirdiyim işgüzar görüşlər bütün sahələrdə birgə əməkdaşlığımızın inkişafına böyük imkanlar açacaq”.