REGİONLAR
Sərmayə kapitalı alan qadınların yaşadıqları ünvanlarda monitorinqlər aparılıb
Naxçıvan, 30 aprel, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində sərmayə kapitalı alan qadınların fəaliyyəti üçün şərait yaradılır, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin qadınların yaşadıqları ünvanlarda mütəmadi olaraq monitorinqlər aparır.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərmayə kapitalı almış 5 qadının yaşadığı ünvanlarda keçirilən növbəti monitorinqdə onların bağlanılmış müqavilələrə uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılıb və heç bir neqativ hal və nöqsana rast gəlinməyib.
Belə ki, ayrılan sərmayə kapitalı ilə Ordubad rayon Nüsnüs kənd sakini Yeganə İsgəndərova hana, bıçaq, əşya dolabı, dəzgah qabağı stul, əriş və müxtəlif rəngdə iplər alaraq milli sənətimiz olan xalçaçılıqla məşğul olur. Ordubad şəhər sakini Rəvayə Rzayeva konservləşdirmə məhsulları alaraq müxtəlif növdə mürəbbələr hazırlayır. Pərvanə Kərimova isə verilən sərmayə kapitalının dəyərində overlyok, tikiş maşınları və ütü alaraq dərzilik sahəsi ilə məşğul olur. Samiyə Həsənova toxuculuq məhsulları, Səma İbrahimova isə verilən sərmayə kapitalından təyinatı üzrə mikser aparatı, elektrik sobası və şirniyyat bişirilməsi üçün ləvazimatlar alaraq fəaliyyətlərini genişləndiriblər.
Sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ötən il Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra edilən “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq həyata keçirilən “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində muxtar respublikada yaşayan aztəminatlı ailənin üzvləri və sağlamlıq imkanları məhdud qadınlara sərmayə kapitalı verilib. Layihənin məqsədi müvafiq kateqoriyadan olan qadınlara iqtisadi dəstək göstərmək, özünüməşğulluğun təmin edilməsinə, qadın sahibkarlığının inkişafına şərait yaratmaqdan ibarətdir.