REGİONLAR
Sərmayə kapitalından düzgün istifadə edilməsi ilə əlaqədar monitorinqlər aparılır
Naxçıvan, 19 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalı alan qadınların yaşadıqları ünvanlarda sərmayə kapitalından düzgün istifadə edilməsi ilə əlaqədar mütəmadi olaraq monitorinqlər aparılır.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq sərmayə kapitalı almış 5 qadının yaşadığı ünvanlarda monitorinq keçirilib, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılıb, heç bir neqativ hal və nöqsana rast gəlinməyib. Onların sərmayə kapitalından düzgün istifadə edərək, təsərrüfatlarını artırdıqları məlum olub. Belə ki, ayrılan sərmayə kapitalı ilə Şərur rayon Ərəbyengicə kənd sakini Kutayis Həsənova bir baş iribuynuzlu heyvan alaraq təsərrüfat sahəsini genişləndirib, Xətai kənd sakini Narifə Şahsuvarova xırdabuynuzlu heyvan sayını 11 baş qoyuna, Çərçiboğan kənd sakini Təranə Süleymanova isə 15 baş qoyuna çatdırıb.
Şərur rayon Yengicə kənd sakini Günay Darbazova dərziliklə məşğul olmaq üçün tikiş maşını alıb, Çərçiboğan kənd sakini Saimə Novruzova isə toxuculuq üçün aldığı məhsulları təyinatına uyğun olaraq istifadə edərək əlavə gəlir əldə edib.
Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikada qadınların özünüməşğulluğu, iqtisadi potensiallarının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra edilən “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində muxtar respublikada yaşayan aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud qadınlara sərmayə kapitalı verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sərmayə kapitalından düzgün istifadə edilməsini nəzarətdə saxlayır, bu çərçivədə monitorinqlərini davam etdirir.