CƏMİYYƏT
Sərnişin avtobuslarında karantin qaydalarına riayət etməyən daha 40 nəfər cərimə olunub VİDEO
Bakı, 1 dekabr, AZƏRTAC
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) müvafiq Baş İdarə və idarələrinin əməkdaşları tərəfindən bölgələrdən, habelə Sumqayıt şəhər və Abşeron rayonunun kənd və qəsəbələrindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında reydlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gün keçirilən tədbirlər zamanı paytaxt istiqamətində hərəkət edən 40-dan artıq sürücü və sərnişin barəsində sanitar-karantin rejiminə əməl etmədiyi üçün inzibati tədbir görülüb və onlar cərimələniblər.
Avtobuslarda tənəffüs yollarını qoruyan maskalardan yalnız polis əməkdaşını görən zaman istifadə edən, bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub.
DİN vətəndaşlara bir daha müraciət edərək onları qayda və tələblərə əməl etməyə çağırır. Nazirlik bildirib ki, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilən nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.