İQTİSADİYYAT


Sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə videokonfrans formatında müşavirə keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Sərt karantin rejimi və sanitar-epidemioloji vəziyyətə uyğun olaraq mümkün yumşaldılmalar zamanı sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə videokonfrans formatında müşavirə keçirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, müşavirədə sərnişindaşımaların təşkili, görülən işlər, çatışmazlıqlar və onların həllinə dair məsələlər müzakirə olunub.

Əsas diqqət günün pik saatlarında müəyyən istiqamətlər üzrə avtobuslarda müşahidə olunan sərnişin sıxlıqlarına yönəldilib. Vurğulanıb ki, pandemiya dövründə avtobus sayının düzgün tənzimlənməsinə dair tapşırıqlar verilsə də, bəzi daşıyıcılar fəaliyyətlərində məsuliyyətsizliyə yol verirlər. Daha çox mənfəət əldə etmək üçün bəzi daşıyıcılar məqsədli şəkildə avtobusların sayını azaldıb. Nəticədə daha çox “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və “20 Yanvar” dairəsi istiqamətində ətraf kənd və qəsəbələrdən hərəkət edən avtobuslarda sərnişin sıxlığı müşahidə olunub. Bu kimi hallar vətəndaşlar arasında narahatlıq yaratmaqla yanaşı, dövlətin sərnişindaşıma sahəsində həyata keçirdiyi tədbirlərə də xələl gətirir. Bunun yolverilməz olduğu qeyd edilərək problemlərin qısa vaxtda həllinə dair daşıyıcılara növbəti dəfə xəbərdarlıq olunub.

Sərnişin tələbatı nəzərə alınmaqla hər bir xətt üzrə avtobus sayı müəyyən edilib və təmin edilməsi üçün tapşırıq verilib. Bildirilib ki, xəttə müəyyən olunan saydan az avtobus çıxaran daşıyıcıya qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcək. Avtobus sayının qəsdən azaldılması və ya sərnişin sıxlığına səbəb olan digər hallar müəyyən edilərsə bu, həmçinin karantin rejimi qaydalarının pozulması kimi qiymətləndiriləcək və araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.