REGİONLAR


Sərnişinlərin kassanın yerini tanımadığı Xaçmaz avtovağzalından REPORTAJ VİDEO

Sərnişinlərin kassanın yerini tanımadığı Xaçmaz avtovağzalından    REPORTAJ VİDEO

Xaçmaz, 19 may, Elxan Yusifli, AZƏRTAC

Sərnişinlər kassanın yerini tanımır, sürücülər biletin qiymətindən artıq pul alır, Bakıya gedən avtobuslar qrafik üzrə yox, yalnız bütün yerlər dolduqdan sonra yola düşür. Sadaladıqlarımız Xaçmaz avtovağzalında yaşanan problemlərin bir qismidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz avtovağzaldan gün ərzində Bakı, Quba, Şabran, Xudat istiqamətlərində və şəhərdaxili marşrut üzrə avtobuslar işləyir. Avtovağzalın göz oxşayan ikimərtəbəli inzibati binası olsa da, buradakı gözləmə zalı və kassalar sərnişinlərə xidmət göstərmir.

Xaçmazdan paytaxta gedən avtobuslarda sərnişinlər avtobuslarda bilet almadan əyləşir. Onlar avtovağzalda kassaların işləmədiyini, gediş haqqını birbaşa sürücüyə ödədiklərini bildirirlər.

“Bilet almamışam. Harada satılır? Kassadan xəbərim yoxdur. Mən avtobusdan tez-tez istifadə etmirəm. Sürücü nə deyəcək, onu verəcəyəm. Sonuncu dəfə beş manata getmişəm. İndi qiymətdən xəbərim yoxdur”, - deyə sərnişin Samir Əhmədov söyləyir.

Xaçmaz-Bakı istiqamətində (157 km) biletin qiyməti 4 manat 70 qəpik olsa da, sürücülər sərnişinlərdən 5 manat alırlar.

“Bakıya getmək üçün avtobusdan tez-tez istifadə edirəm. Beş manat ödəyirəm. Bu avtovağzalda kassa fəaliyyət göstərmir. Avtobusa əyləşəndə bizdən bilet tələb olunmur. Pulu sürücüyə veririk”, - deyə sərnişin Rübabə Kərimova bildirir.

Biletin satışının təşkil olunmaması, sərnişinlərin biletin qiymətindən artıq pul ödəməsi ilə yanaşı, avtobusların hərəkət qrafiki də müəyyən olunmayıb. Bakıya gedən avtobuslar sərnişinlə tam dolmasa, yerindən tərpənmir.

“Avtobus nə vaxt yola düşəcək onu bilmirəm. Yəqin ki, bütün yerlər dolandan sonra yola çıxacaq. Kassa yoxdur deyə, qrafik də yoxdur. Bakıdan Xaçmaza gələndə bilet alıram. Amma burada kassa yoxdur. Olsa burada da bilet alaram. Gediş haqqı 5 manat ödəyirəm”, - deyə sərnişin Həzrət Əliyev söyləyir.

Avtobusların Bakıya yola düşmə qrafikinin olmadığını sürücü Rövşən Manafov da təsdiqləyir: “İndi buradan bir reys Bakıya gedəcəyəm. Nahardan sonra da əks istiqamətdə qayıdacağam. Qrafik deyəndə ki, maşınlarımız dolur, sonra çıxırıq. Gəlirik, 20-30 dəqiqə gözləyirik, bütün yerlər dolur, sonra yola düşürük”.

Avtovağzalın xətt nəzarətçisi reportajımızın məqsədi ilə maraqlandıqdan sonra öz müdiriyyətinə zəng etdi. Bundan sonra bizə bildirirdi ki, əslində avtovağzalda kassa fəaliyyət göstərir. Bu kassa avtovağzalın inzibati binasında yox, həyətdəki kiçik ofislərin birində yerləşir.

Az sonra kassir Minirə Hüseynova də iş otağına gəldi. Kassada həm Bakı, həm də digər istiqamətlərdə marşrutlar üçün bilet olduğu halda sərnişinlərə satılmamasının səbəbini soruşduq.

“Biz bilet üçün müraciət edənlərə satırıq. Öz qiymətinə. Əlavə pul alınmır. Vətəndaşların bizdən şikayəti yoxdur. Gəlsinlər, onlara bilet sataq”, - deyə kassir Minirə Hüseynova bildirir.

Avtovağzaldakı çatışmazlıqlarla bağlı suallarımızı cavablandıran xətt nəzarətçisi Pərviz Xocəstə deyir ki, gün ərzində Bakı şəhərinə 5-6 avtobus yola düşür: “Ehtiyac yarananda xətdə əlavə avtobus qoşulur. Bundan başqa, avtovağzalımız Qubaya, Şabrana, Xudata və şəhəriçi müntəzəm xətlə hərəkət edən mikroavtobuslara xidmət göstərir. Bakıya gedən avtobuslarımızın 40 dəqiqədən bir xətdə çıxması nəzərdə tutulub. Sərnişin sıxlığı olanda daha tez yola düşürlər. Bilet məsələsinə gəlincə, burada kassamız var. Amma elə sərnişinlər var ki, bilet istəmir. Amma biz satışı təşkil edirik”.

AZƏRTAC-ın çəkiliş qrupunun reportaj hazırladığını görən avtovağzal nəzarətçiləri artıq yola düşməyə hazırlaşan avtobusdakı sərnişinləri maşından düşürərək kassaya yönləndirdi. Az əvvəl müsahibəsində kassanın mövcudluğundan xəbəri olmayan sərnişinlər ilk dəfə Xaçmaz avtovağzalından bilet alaraq Bakıya yollandı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, agentliyin xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində biletim.az portalına inteqrasiya edilən məntəqələr arasına Xaçmaz avtovağzalı da əlavə olunub. Sərnişinlər artıq Bakıdan Xaçmaza və əks istiqamətdə hərəkət edən avtobuslara onlayn qaydada bilet ala bilərlər: “Qaldırılan məsələyə gəldikdə, agentlik tərəfindən araşdırma aparılacaq, rəsmi şikayət təqdim ediləcəyi təqdirdə avtovağzal cərimələnəcək”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.