REGİONLAR


Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində icra olunan layihənin yekun konfransı keçirilib

Gəncə, 15 mart, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin yekun konfransı keçirilib. Layihə Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov tədbirdə çıxış edərək, layihənin məqsədi və konfransın proqramı haqqında iştirakçılara məlumat verib.

Bildirilib ki, əlilliyi olan şəxslər, xüsusilə sağlamlıq imkanları məhdud uşaqlar ölkəmizdə ən həssas qruplardandır. Məhz bu səbəbdən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən birini təşkil edir.

Mehman Xəlilov həyata keçirilən bu layihə çərçivəsində icra olunan fəaliyyətlərin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha geniş inteqrasiyasına və sosial inklüzivliyinin artırılmasına əlavə bir dəyər gətirdiyini vurğulayıb.

Sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Gəncə-Qazax bölgəsi üzrə əlaqələndiricisi Fariz Qarayev Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən bu layihənin uğurlu nəticələrini qeyd edib.

Layihə rəhbəri 60 uşağın kompüter sahəsində bilik və bacarıqlarının genişləndirildiyini, 25 nəfər yeniyetmə və gəncin karyera ilə bağlı məlumatlılığının artırıldığını, 62 uşağın layihə çərçivəsində təşkil edilmiş reabilitasiya xidmətlərindən yararlandığını, 40 uşaq və gəncin, həmçinin 60 valideynin psixoloji məsləhət xidmətlərindən yararlandığını, 61 uşağın musiqi, incəsənət və əl işləri məşğələlərindən bəhrələndiyini, 50 uşağın idman və fiziki terapiya xidmətlərindən istifadə etdiyini, ümumilikdə isə xüsusi qayğıya ehtiyacı olan 213 uşağın layihədən birbaşa yararlandığını diqqətə çatdırıb.

Daha sonra “Əlilliyi olan şəxslər üçün mərkəz”in (Gürcüstan) direktoru Nana Zerekidze və UAFA-nın layihə üzrə əlaqələndiricisi Sevinc Rzayeva layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin uğurlu nəticələri barədə məlumat veriblər.

Layihə üzrə UAFA-nın Gəncə İƏRM-nin əlaqələndiricisi Rəzalə Abbasova layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə keçirilən tədbirlərin təşkilinə hökumət strukturlarının və özəl sektorun dəstəyinin əhəmiyyəti haqqında, Gəncə Dövlət Universitetinin psixoloqu İlham Məmmədov layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların valideynlərinə psixoloji dəstək vasitəsilə göstərilən sosial xidmətlərin müsbət nəticələri barədə, valideynlər Əsgər Məmmədov və Sahibə Eminova isə layihənin sağlamlıq imkanları məhdud uşaqların və gənclərin özünəinam hissinin, sosial inklüzivliyinin və ümumi inkişafının gücləndirilməsinə müsbət təsiri, həmçinin bu kimi layihələrin davamlı olmasının vacibliyi ilə bağlı çıxış ediblər.

Müvafiq yerli hökumət orqanları, biznes strukturları, vətəndaş cəmiyyəti təsisatları, media və layihənin idarəedici qurumunun (GİZ) nümayəndələrinin, həmçinin tərəfdaş təşkilatlar olan “Əlilliyi olan şəxslər üçün mərkəz”inin (Gürcüstan), UAFA-nın (Azərbaycan) nümayəndələrinin və xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin valideynlərinin iştirak etdikləri konfransda layihənin icrası nəticəsində əldə olunan uğurlu nəticələr barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.