CƏMİYYƏT


Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti ilə bağlı Forumda Azərbaycanda bu sahədə qazanılan nailiyyətlərdən danışılıb

Bakı, 3 iyul, AZƏRTAC

“Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti dialoqunun gələcəyi” mövzusunda Forum keçirilib.

Forumda Gənclər və İdman naziri Azad Rəhimovla yanaşı, Ukraynanın Gənclər və İdman nazirinin müavini Marina Popatenko, Gürcüstan Milli Gənclər Agentliyinin rəhbəri Revaz Çarkviani, Sloveniya Gənclər Bürosunun direktor vəzifəsini icra edən Dolores Kores, Belarusun Avropa Ekspertiza və Kommunikasiya Bürosunun eksperti Marina Korzh, Litvadan sərbəst təlimçi Laimonas Raqauskas, Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyinin dövlət katibi Rolf Şmaktenberq, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Artur Martirosyan, Avropa Gənclər Forumu İdarə Heyətinin üzvü Benjamin Qünter və digərləri çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azad Rəhimov çıxışında pandemiya dövründə nazirliyin həyata keçirdiyi işlərin demək olar ki, yenidən bərpa olunduğunu, fəaliyyətinin aktivləşdiyini qeyd edib. O, Azərbaycanın müharibə şəraitində olduğunu və ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini iştirakçıların diqqətinə çatdıraraq, münaqişələrin gənclər siyasətinin inkişafına mənfi təsir göstərdiyini bildirib.

Gənclərin inkişafı üçün görülən işlərdən danışarkən Azad Rəhimov üç ildən bir keçirilən və bütün ölkə gənclərini əhatə edən Gənclər Forumu, 2005-2009-cu, 2011-2015-ci və hazırda icrası davam etməkdə olan “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı, 1995-ci ildən nazirliyin nəzdində fəaliyyət göstərən İctimai Şura, eyni zamanda, Heydər Əliyev Liderlik Məktəbi, nazirliyin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəallığının təmin edilməsi üçün yeni platformanın yaradılması” layihələri və digər mühüm işlərdən danışıb.

Nazir deyib ki, dialoq insanlar arasında ünsiyyətin qurulmasında müstəsna rol oynayır. Lakin bu ünsiyyət qarşılıqlı anlayış və bilik səviyyəsində olmalıdır ki, burada da gənclərin daim hazırlıqlı olmaları əsas amildir. Odur ki, qeyri-formal təhsilin bu dövrdə əsas resurs olduğunu hesab edə bilərik. Hazırda Azərbaycanda 30 Gənclər evi fəaliyyət göstərir ki, onlar da gənclərin inkişafında böyük rol oynayır. Siyasi dialoqun daha səmərəli qurulmasında əyalət gənclərinin iştirakçılığının artırılması, qeyri-formal təhsilin sistematik inkişafı, gənclər üçün sosial təcrübənin artırılması gənclər siyasəti dialoqunun gələcəyinin üç əsas istiqaməti kimi göstərilə bilər.

Tədbirin bölmə iclaslarında “Gənclərin ehtiyaclarını və fikirlərini müzakirə etmək üçün gənclər təşkilatları, qərar qəbul edənlər və mütəxəssislərlə necə görüşürlər?”, “Gənclər dialoqunu asanlaşdırmaq üçün hansı idarəetmə strukturları və çərçivələr ən təsirli və səmərəlidir?”, “Milli maraqlı tərəflər tərəfindən istifadə olunan vasitə və yanaşmalar hansılardır?”, “COVID -19 pandemiyasının gənclər siyasəti dialoqunun inkişafının bugünkü vəziyyətə və gələcəyə təsiri nədən ibarətdir?” mövzularında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.