İQTİSADİYYAT


“Şərq Tərəfdaşlığı” ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirilib

Bakı, 3 iyul, AZƏRTAC

“Şərq Tərəfdaşlığı” ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) 15-ci plenar iclası COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasa 45 iştirakçı – 18 ölkənin telekommunikasiya sahəsi üzrə Tənzimləmə qurumlarının təmsilçiləri (6 ŞT ölkəsi və İsveç, İrlandiya, Almaniya, Polşa, Portuqaliya, Xorvatiya, Macarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Makedoniya), Beynəlxalq Telekommunikasiya İttifaqı, Avropa Komissiyası, Dünya Bankı və “Ernst & Young” məsləhətçi şirkətinin nümayəndələri qatılıblar.

Videotədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin açılış nitqi ilə başlayıb. Nazir müavini ilk növbədə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında keçirilən sammitində Prezident İlham Əliyevin ölkəmizin “Şərq Tərəfdaşlığı”nın fəal tərəfdaşı və Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu qeyd etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Plenar iclasın gündəliyinə əsasən, “EaPeReg”in 2020-ci ilin birinci yarım ili üzrə fəaliyyəti, Ekspert İşçi Qruplarının hesabatları, telekom tənzimləyicilərinin müstəqilliyinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunub. Bundan əlavə, Şəbəkənin fəaliyyətinin genişləndirilməsi istiqamətində İşçi qrupların sədrləri tərəfindən müzakirəyə çıxarılan bir sıra təkliflər dinlənilib, müəyyən tövsiyələr verilib. Tədbirin sonunda “EaPeReg”in növbəti plenar iclasının payızda Polşada keçirilməsi ilkin olaraq qərara alınıb.

Qeyd edək ki, “EaPeReg”in qaydalarına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şəbəkənin 2020-ci il üzrə sədr müavini seçilib və ilin sonuna kimi şəbəkənin gündəlik fəaliyyətinə rəhbərlik edəcək. Nazirlik sədr müavini olaraq “EaPeReg”in plenar iclasının təşkilati məsələlərinə rəhbərlik və ev sahibliyi edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.