“Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfrans keçiriləcək
AzerTAg.az
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyevanın “Nəsimi irsinin günümüzdə dəyəri və əhəmiyyəti haqqında” məruzəsi dinləniləcək. Həmçinin Nəsimi və davamçılarının əlyazmaları dünya kitabxanalarında, ərəb ədəbiyyatşünaslığında Nəsimi irsinin tədqiqi barədə məlumat veriləcək, şairin yaradıcılığında rədif və qafiyə sistemindən söz açılacaq.
Konfransda “Seyid İmadəddin Nəsimi şeirində Quran hikmətləri”, “Hələb yaqutu İmadəddin Nəsimi. Həyatı, poeziyası və fəlsəfi görüşləri” əsəri haqqında”, “Nəsimi şəxsiyyəti zamanın fövqündə” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Xəbərin mətnində orfoqrafik səhv var