REGİONLAR


“Şərq qapısı” qəzeti Naxçıvanda ədəbi mühitin formalaşmasına mühüm təsir göstərib

Naxçıvan, 7 oktyabr, AZƏRTAC

Yarandığı ilk gündən “Şərq qapısı” qəzeti Naxçıvanda ədəbi mühitin formalaşmasına mühüm təsir göstərib. Əgər 100 il bundan əvvəl bu qəzet yaranmasaydı, biz bu gün Naxçıvan ədəbi mühiti barədə bəlkə də “Əncüməni-şüəara” ədəbi məclisi haqqında təsəvvürə malik olduğumuz səviyyədə biliyə sahib ola bilərdik. Ötən əsrin 20-30-cu illərindən başlayaraq müharibə, müharibədən sonrakı və müstəqillik illərində ədəbiyyat aləminə qədəm qoyan şairlər, yazıçılar, alimlər həmişə bu qəzet vasitəsilə oxucuların görüşünə gəlib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyində muxtar respublikanın aparıcı mətbuat orqanının yubiley tədbirində çıxış edən birliyin sədri, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Asim Yadigar səsləndirib.

“Şərq qapısı” qəzeti və Naxçıvan ədəbi mühitindən ətraflı bəhs edən Asim Yadigar çıxışında son dövrlərdə qəzetdə dərc olunmuş poetik nümunələr, yeni ədəbi əsərlər, ədəbi-tənqidi məqalələr və resenziyalar haqqında da geniş məlumat verib. Yazıçılar Birliyinin fəaliyyətindən və mətbuatla əməkdaşlıq əlaqələrindən də danışan birliyin sədri diqqətə çatdırıb ki, muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılarımıza, onların ədəbi irsinin nəşri və təbliğinə dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı göstərilib, onların əməyi yüksək qiymətləndirilib. Asim Yadigar “Şərq qapısı” qəzetinin əməkdaşlarını 100 illik yubiley münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında bildirib ki, ilkin nəşri tarixində Mirzə İbrahimov, Əli Vəliyev kimi tanınmış simaların müstəsna rolu olan “Şərq qapısı” qəzeti muxtar respublikada ədəbi mühitin formalaşması və inkişafında mühüm rol oynayıb, Hüseyn İbrahimov, Hüseyn Razi, İslam Səfərli, Müzəffər Nəsirli, Möhsün Möhsünov, Elman Həbib, Muxtar Qasımzadə, Asim Yadigar, Həmid Arzulu, Xanəli Kərimli, Vaqif Məmmədov, Həsənəli Eyvazlı, Elxan Yurdoğlu, Qafar Qərib və digər tanınmış şair və yazıçılarımızın yaradıcılıq yolu məhz bu mətbuat orqanından keçib.

Vurğulanıb ki, “Şərq qapısı” qəzeti bu gün də ədəbiyyatımızın təbliği funksiyasını yerinə yetirməyə, gənc ədəbi qüvvələri ictimaiyyətə tanıtmağa səy göstərir. Qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb. Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün “Şərq qapısı”nda təcrübəli jurnalistlərlə yanaşı, gənc əməkdaşlar da çalışır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə Naxçıvanla bağlı informasiyalar dünyaya yayılır, həmçinin qəzetin elektron arxiv bazası da yaradılıb. Sayt 2019-cu ildə yenilənib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurası, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bütün bunlar muxtar respublikada uğurlu mətbu siyasətin təcəssümüdür.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixindəki yerini bir daha təsdiq etməklə, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir”, - deyən baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

“Şərq qapısı” qəzetinin muxtar respublika mətbuatının inkişafında rolu” mövzusunda çıxış edən Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılıb. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşıb.

Rövşən Hüseynov qeyd edib ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə imzalanan tarixi sərəncam Naxçıvanın 100 illik tarixinin, mədəniyyətinin, elminin yetirdiyi jurnalistlər nəslinin əməyinə verilən böyük qiymətdir. Məhz həmin jurnalistlər nəslinin davamçılarıdır ki, dövlət qayğısından bəhrələnərək muxtar respublikanın sosial-iqtisadi inkişafında və çiçəklənməsində, vətəndaşların informasiyaya olan tələbatının daha dolğun səviyyədə ödənilməsində, milli dəyərlərin təbliğində, siyasi mədəniyyətin formalaşmasında, Naxçıvanın bir turizm məkanı kimi tanıdılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edirlər.

Tədbirdə “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov “Şərq qapısı” qəzeti ilə bağlı xatirələrindən, milli mətbuatımızın inkişafında, tariximizin mətbuat vasitəsilə işıqlandırılmasındakı müstəsna rolundan danışıblar. Gənc şairə Sabrina Gültəkin gənclərin intellektual inkişafının əhəmiyyətindən, istedadlı gənclərə göstərilən dövlət qayğısından bəhs edib, şeirlərini oxuyub.

Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigara və digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.