REGİONLAR


“Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı çapdan çıxıb

Naxçıvan, 27 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamının icrası istiqamətində görülən işlərin davamı olaraq “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr edilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kitabın ilk səhifələrində ümummilli lider Heydər Əliyevin qəzet haqqında fikirləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı və həmin sərəncamla təsdiq olunmuş Tədbirlər Planının mətnləri verilib. Ulu Öndərin “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”, - sözləri 100 yaşlı söz məbədinin daşıdığı tarixi missiyadan, gənc nəslin vətənpərvər ruhda tərbiyəsindəki mühüm rolundan xəbər verir. Öz profilinə daim sadiq qalan “Şərq qapısı” bu şərəfli missiyanı hələ sovet dönəmindən məsuliyyətlə yerinə yetirib, göstərilən təzyiqlərə baxmayaraq, uğurla fəaliyyətinə davam edib.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Ön söz” qəzetin daşıdığı tarixi önəmi daha dərindən dərk etməyə imkan verir. Burada Naxçıvan mətbuatının, maarifçilərin fəaliyyətinə nəzər salınıb, qəzetin 100 illik fəaliyyəti əhatəli şərh olunub. Vurğulanıb ki, qanlı 20 Yanvar faciəsinə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nin tərkibindən çıxması ilə bağlı tarixi qərarın “Şərq qapısı”nda dərc olunması, onun 8 nömrəsinin “Birlik və demokratiya uğrunda” şüarı ilə çap edilməsi qəzetin hələ sovet dövründə ölkə mətbuatında yerinə yetirdiyi tarixi missiyasının bir hissəsi və əsl vətənpərvərlik nümunəsidir.

Yeni kitab AMEA-nın Naxçıvan Bölməsinin və “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşlarının qəzetin 100 illik fəaliyyəti, tariximiz, milli ordu quruculuğu, tarix-mədəniyyət abidələri, ana dili məsələləri, Naxçıvan ədəbi mühiti, folklor, xalq sənətinin təbliği, media siyasəti, mədəniyyət, elm və təhsil sahələrində baş verən yeniliklərin, eləcə də muxtar respublikanın sosial-iqtisadi inkişafının əksi məsələləri ilə bağlı araşdırmalarının yer aldığı dəyərli mənbədir. Burada “Şərq qapısı”nın Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına verdiyi töhfələrdən, muxtar respublikada jurnalistikanın inkişafında, cəmiyyətin informasiyaya olan tələbatının dolğun ödənilməsindəki mühüm rolundan bəhs edən məqalələr toplanıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 416 səhifəlik kitab muxtar respublikanın keçdiyi tarixi inkişaf yolunun öyrənilməsi, mətbuat tariximizin araşdırılması baxımından olduqca mühüm elmi əhəmiyyətə malikdir.

Kitabda yer alan məqalələrin hər biri qəzetin ölkə mətbuatındakı mühüm funksiyasını öyrənməklə yanaşı, müxtəlif illərdə dərc olunmuş nömrələrinin tədqiqi və təhlili baxımından da əhəmiyyətlidir. Yeni nəşr dəyərli tədqiqat əsəri olmaqla yanaşı, həm də qəzetin 100 illik yubileyinə töhfədir.

Qeyd edək ki, 1921-ci ildən günümüzədək inkişaf yolu keçmiş “Şərq qapısı” qəzetinin 100 yaşının tamam olması muxtar respublikada geniş qeyd olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamının icrası məqsədilə AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ali təhsil müəssisələri, Naxçıvan Mətbuat Şurası və qəzetin redaksiya heyətinin iştirakı ilə “Şərq qapısı” qəzeti və Naxçıvanda mətbuatın inkişafı” mövzusunda elmi konfrans keçirilib, Naxçıvan Bölməsinin əməkdaşları ölkə və muxtar respublika mətbuatında qəzetin bir əsrlik fəaliyyəti dövründə həyata keçirdiyi səmərəli fəaliyyəti, ictimai fikrin formalaşmasında oynadığı mühüm rolla bağlı müxtəlif mövzulu məqalələr dərc etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.