REGİONLAR


“Şərq qapısı” qəzetinin yeni internet saytı istifadəyə verilib

Naxçıvan, 14 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında işıq üzü görən “Şərq qapısı” qəzetinin yenilənmiş internet saytının təqdimatı olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib: Muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların maddi-texniki bazası daha da gücləndirilib. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması sayəsində muxtar respublikanın bütün qəzet və jurnalları bu gün yüksək poliqrafik keyfiyyətlə nəşr olunur.

Muxtar respublikada elektron medianın inkişafı da əsas vəzifələr sırasındadır. Naxçıvan Dövlət Teleradiosunun internet saytının yaradılması, televiziya və radionun internetdən yayımının təşkil edilməsi, “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlaması, mərkəzi icra hakimiyyəti orqanlarının saytlarında mətbuat xidməti bölmələrinin fəaliyyətinin təmin edilməsi, şəhər və rayon qəzetlərinin sosial şəbəkə hesablarının açılması muxtar respublikada informasiya-məlumatlandırma işinin günün tələbləri səviyyəsində qurulmasına imkan verir. Eyni zamanda, muxtar respublikanın yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilişi və sürətli internetə çıxış imkanının yaradılması insanların informasiya tələbatının tam dolğun ödənilməsinə hesablanıb. Bu gün “Şərq qapısı” qəzetinin internet saytının tamamilə yenilənərək istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova bildirib ki, “Şərq qapısı” qəzeti müasir tariximizin salnaməçisidir. Muxtar respublikamızda kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısı “Şərq qapısı” qəzeti redaksiyasını və kollektivi də əhatə edib. Qəzetin maddi-texniki bazasının gücləndirilməsi, hərtərəfli yaradıcılıq şəraitinin yaradılması, işçilərin əməkhaqlarının artırılması fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına imkan verir. Müasir informasiya əsri isə elektron jurnalistikanı günün aktuallığına çevirib. Bu gün hər bir mətbuat orqanının reytinqi, oxucu kontingenti onun çap məhsulu kimi tirajı ilə yanaşı, həm də internet saytındakı materialların izlənmə, bəyənilmə və paylaşılma sayı ilə ölçülür. Muxtar respublikada kütləvi informasiya vasitələri üçün yüksək maddi-texniki təchizatın yaradılması, mətbuatın yüksək peşəkarlıq və poliqrafik keyfiyyətlə nəşrə hazırlanması, üstəlik, diyarımızda tələbkar elektron media izləyicilərinin də sayının artması “Şərq qapısı” qəzeti saytının da təkmilləşdirilərək yenilənməsi aktuallığını ortaya çıxarmışdı. Buna görə də “Şərq qapısı”nın internet saytı tamamilə yenilənib, həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb.

Mehriban Sultanova qəzetin fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitə görə kollektiv adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli qeyd edib ki, muxtar respublikanın mətbu orqanları içərisində hər zaman ön mövqeyi ilə seçilən “Şərq qapısı” qəzeti böyük bir inkişaf yolu keçib. Oxucularını maraqlı və obyektiv məlumatlarla təmin edən qəzet bu gün yenilənmiş internet saytı ilə fəaliyyətinin yeni mərhələsinə qədəm qoyur. Naxçıvanla bağlı informasiyalara tələbatın günbəgün artdığı bir dövrdə qəzetin yenilənmiş internet saytı elektron medianın imkanlarından daha səmərəli yararlanmağa imkan verir. İnanırıq ki, “Şərq qapısı” qəzeti məhz bu imkanlardan bəhrələnərək muxtar respublikamızın tanıdılmasına, təbliğinə öz töhfəsini verəcək.

Tədbirdə “Şərq qapısı” qəzeti baş redaktorunun müavini Rauf Əliyev, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşiyev və qəzetin əməkdaşı Əli Cabbarov çıxış ediblər.

Sonra Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı Şahin İsmayılov yenilənmiş internet saytını təqdim edib. Bildirib ki, sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, əvvəlki arxivi qorunub saxlanılıb. Lisenziyalı proqramlarla təkmilləşdirilən saytın yeni versiyasında “Ana səhifə”, “Rəsmi xronika”, “İctimai-siyasi”, “İqtisadiyyat”, “Humanitar”, “İdman”, “Əlaqə”, “Elanlar”, “Rəsmi sənədlər”, “Fotolar” və “Videoqalereya” bölmələri yaradılmışdır. “Fotolar” bölməsi Naxçıvanla bağlı foto­şəkillərin sosial şəbəkələrdə operativ paylaşılmasına imkan verir. “Videoqalereya” bölməsində muxtar respublikanın qədim tarixi və tarixi abidələri, müasir inkişafı, təbiəti, zəngin turizm potensialı ilə bağlı videomateriallar yerləşdirilib. Saytın “Xəbərlər” bölməsində materiallar əvvəlkindən fərqli olaraq üç dildə – Azərbaycan, ingilis və rus dillərində yayımlanacaq. Bundan başqa, əvvəlki saytda qəzetin yalnız gündəlik elektron variantını əldə etmək mümkün idisə, artıq saytın yenilənmiş versiyasında oxucular qəzetin birhəftəlik çapdan çıxan nömrələri ilə tanış ola biləcəklər. “Şərq qapısı” qəzetinin “Instagram” və “Facebook” səhifələri də yaradılıb. Artıq yenilənmiş saytdakı materialları sosial şəbəkə hesablarında operativ şəkildə paylaşmaq mümkündür.

Şahin İsmayılov qeyd edib ki, saytın yenilənmiş versiyasının əsas üstün cəhətlərindən biri də mobil telefonlar üçün interfeysinin də hazırlanmasıdır. serqqapisi.az saytının serveri Rabitə və Yeni Texnologiyalar Nazirliyində yerləşir və təhlükəsizliyinə zəmanət verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.