MƏDƏNİYYƏT
“Şərq təranələri” ХI Beynəlxalq Musiqi festivalında azərbaycanlı ifaçı uğurla çıxış edib
Səmərqənd, 26 avqust, AZƏRTAC
Səmərqənddəki qədim Reqistan meydanında keçirilən “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalı davam edir.
Bu gün festivalda Azərbaycanın gənc tarzəni, Beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam - 2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar Artisti Sahib Paşazadə uğurla çıxış edib. Onu nağarada Kamran Kərimov müşayiət edib. Onların ifa etdiyi 16 dəqiqəlik solo ifa münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub. Tamaşaçılar ifanı “Bravo” sözləri ilə alqışlayıb.
Festivalda dünyanın 60-a yaxın ölkəsindən gələn 280 musiqiçi ifaçısı və musiqi nəzəriyyəçiləri iştirak edir.
Xatırladırıq ki, 1997-ci ildə keçirilən birinci festivalda Simarə İmanova “Qran pri” mükafatına layiq görülüb. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerləri tutublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd