ELM VƏ TƏHSİL


“Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq reallaşdırılıb. Beynəlxalq konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sərəncamlarının əhəmiyyətini vurğulayıb. Bu sərəncamlara əsasən Tarix İnstitutu tərəfindən bir sıra beynəlxalq konfransların təşkil olunduğunu diqqətə çatdıran alim Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolundan danışıb, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin fəaliyyəti ilə bağlı fikirlərini söyləyib.

Azərbaycan Xalq Cümhuriyyətinin dünya tarixinin ən demokratik dövlət qurumlarından biri olduğunu bildirən Y.Mahmudov qeyd edib ki, müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Cümhuriyyət dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək bütün vətəndaşların hüquq bərabərliyini təmin edib.

Alim vurğulayıb ki, Tarix İnstitutunda Cümhuriyyətin tarixi geniş şəkildə araşdırılır. Cümhuriyyət tarixinə dair çoxlu sayda sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib.

Tarix İnstitutunun şöbə müdiri, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin sədri Tofiq Mustafazadə rəhbəri olduğu qurumun apardığı elmi araşdırmalardan danışıb.

Milli Məclisin deputatları Fəzail İbrahimli və Fəzail Ağamalı, tarixçi alimlər Anar İsgəndərov, Mehman Süleymanov, Nigar Maksvell, Nejdet Karaköse, İradə Məmmədova və başqaları bildiriblər ki, Cümhuriyyət yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.

Sonra “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir”, “Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə” və “Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti” mövzusunda bölmə iclasları olub.

Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan, Ukrayna və digər ölkələrin alimləri də məruzələrini təqdim ediblər.

Tədbirdə “Cümhuriyyət parlamenti və ordu quruculuğu məsələləri”, “Azərbaycan Xalq Cümhuriyyətində dövlət-din münasibətləri təcrübəsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin Kayzer Almaniyası ilə münasibətlərinə dair (alman arxiv sənədləri işığında)”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Avropa neft şirkətlərinin fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti Amerika mətbuatında: “Nyu-York Tayms” və “Vaşinqton Post” qəzetlərinin materialları əsasında” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans dekabrın 1-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.