QAN YADDAŞI
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurası dünya birliyinə çağırış edib
Bakı, 25 fevral, AZƏRTAC
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanatla müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Koordinasiya Şurasının əlaqələndiriciləri Eldar Vəliyev (Çexiya), Zərifə Əlizadə (Serbiya), Renad Yüzbəyov (Xorvatiya), Ramiz Əmirli (Macarıstan), Rəşad Mehbalıyev (Macarıstan), Seyran Mirzəzadə (Monteneqro), Xəlil Həsənov (Polşa), Lalə Zeynalova (Polşa), Entela Muço (Albaniya), Vaqif Həsənov (Rumıniya) və Rüstəm Rüstəmovun (Slovakiya) imzaları ilə BMT-nin katibliyinə, İnsan hüquqları üzrə Ali Komissarlığına, Avropa İttifaqına, Avropa Parlamentinə, NATO-nun Parlament Assambleyasına, Beynəlxalq Sülh Bürosuna ünvanlanan bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdiyi Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi təcavüzkar və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verilib.
Bəyanat müəllifləri təəssüflə qeyd ediblər ki, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquqları və azadlıqlarının cinayətkarcasına və kobudcasına tapdandığı bu soyqırımını planlaşdıranlar, təşkil edənlər və icraçılar indiyədək məhkəmə istintaqına cəlb olunmayıb və layiqli cəzalarını almayıblar. “Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları ədalət və gələcək naminə Xocalı soyqırımını qətiyyətlə pisləməyə, bu kütləvi qırğına obyektiv hüquqi və siyasi qiymət verməyə çağırırıq”, - deyə sənəddə vurğulanır.