ELM VƏ TƏHSİL
Şərqşünas alim İspaniyada beynəlxalq konfransda çıxış edib
Bakı, 1 fevral, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova İspaniyanın Valensiya şəhərində keçirilən V Beynəlxalq Avropa Disiplinlərarası Araşdırmalar Konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Xumar Ələkbərova konfransda “Ərəb ədəbiyyatında mühacirlər mövzusunu yaradan amillər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dünyada qloballaşan miqrasiya problemi, bunu doğuran səbəblərə toxunulub. Ərəb Şərqindən mühacir axınını şərtləndirən amillərin təhlilini də ehtiva edən çıxış maraqla dinlənilib.
Məruzəçi xüsusən son dövrlər ərəb Şərqində geniş vüsət almış bu prosesin ədəbiyyatda bütün təfsilatı ilə bədii inikasından, yaranmış yeni ədəbi tendensiya və mühacirlər mövzusunda əsərlərdən bəhs edib.
Qeyd edək ki, elm adamlarını bir araya gətirən bu mötəbər elmi platforma bundan öncə 2021-ci ilin avqustunda Polşada təşkil olunmuşdu.