Şərqşünas alim: Qərbi azərbaycanlıların tarixi torpaqlara qovuşması qarşıda əsas hədəfdir
AzerTAg.az

Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı Zəfər ilə müasir dünya tarixinə böyük imza atdı. Böyük tarixi əhəmiyyət daşıyan bu Zəfər dövlətimizin ərazi bütövlüyünə qarşı qərəzli mövqe tutan qüvvələrə xalqımızın əzmini, birliyini bir daha göstərdi. Azərbaycanın əzəli torpaqları – Qarabağ mənfur erməni işğalından azad edildi və bölgənin iqtisadi, sosial və mədəni dirçəlişinə başlanıldı. Doğma torpaqlarından məcburi köçkün düşmüş həmvətənlərimiz Vətən müharibəsindən sonra yenidən öz ata-baba yurdlarına qayıtmağa başladılar və bu qayıdış – Böyük Qayıdışdır!
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu diplomatiyası sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı İlham Əliyev dövlətimizin milli maraqlarına və azərbaycançılıq ruhuna sadiq qalaraq Azərbaycan torpaqlarının tarixinə və mədəniyyətinə sahib çıxılmasının önəmini hər zaman vurğulayıb, Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu bütün beynəlxalq kürsülərdən bəyan edib. Bu tarixi həqiqətin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi, Qərbi Azərbaycan mədəniyyətinin məhvinin qarşısının alınması, azərbaycanlıların öz tarixi torpaqlarına geri dönməsi kimi böyük vəzifələrin yerinə yetirilməsində, heç şübhəsiz, Qərbi Azərbaycan İcmasının da üzərinə böyük vəzifələr düşür. Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir və 2022-ci il avqustun 3-də adı dəyişdirilərək Qərbi Azərbaycan İcmasına çevrilib. Bu təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar haqqında faktların və sənədlərin toplandığı yeganə ictimai qurumdur. Qeyd edək ki, 12 il əvvəl ölkə başçısının göstərişi ilə Qarabağdan olan məcburi köçkünlərin təşkilatı üçün inşa edilən bina təmir edilərək Qərbi Azərbaycan İcmasına verildi. 2022-ci il dekabrın 24-də isə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Görüşdə dövlət başçısı Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu vurğuladı, onun tarixinin icmalını verdi, XX əsr boyu Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından deportasiya edilməsinin səbəblərinə xüsusi diqqət ayırdı. Eyni zamanda, Prezident İlham Əliyev dünya ictimaiyyətinin gözü qarşısında baş verən bu ədalətsizliklərə göz yumulmasının da üzərində dayanaraq, ermənilərin törətdikləri bu vəhşiliklərə tarixi və hüquqi qiymət verilməsinin zəruriliyindən danışdı. Görüşdə ölkə başçısı əminliklə qeyd etdi ki, “gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.
“Qərbi azərbaycanlıların icma şəklində fəaliyyət göstərməsi, onların strategiyasının, yol xəritəsinin və iş üçün lazımi şəraitin formalaşması onun fəaliyyət istiqamətini dəyişməklə yanaşı, Azərbaycan dövlətinin siyasi iradəsini də nümayiş etdirir. Artıq bu qurumun qarşısında yalnız Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların məsələləri deyil, son iki əsrdə Azərbaycanın tarixi torpaqlarında ermənilərin və onların himayədarlarının xalqımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələsi durur. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan xalqı alnıaçıq və başıuca öz Qarabağ Zəfərini qeyd edir və Böyük Qayıdışı yaşayır. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz və fədakar xidmətləri sayəsində Qərbi Azərbaycan məsələsi beynəlxalq müstəviyə çıxarılıb, Azərbaycanın tarixi torpaqlarına onun əsl sakinlərinin – azərbaycanlıların qovuşması artıq real hədəfə çevrilib. Bu gün Azərbaycanın Zəfər tarixi davam edir...”,- deyə tarixçi-alim fikrini yekunlaşdırıb.
Xəbərin mətnində orfoqrafik səhv var