ELM VƏ TƏHSİL
Şərqşünas alim beynəlxalq konfransda novella janrının Misir ədəbiyyatında keçdiyi inkişaf yolundan danışıb
Bakı, 17 iyul, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru dosent Xumar Ələkbərova Avstraliyanın Sidney şəhərində keçirilən V Beynəlxalq Sakit okean müasir elmlər konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransa onlayn qatılan şərqşünas alim “Müharibə fəsadlarından bəhs edən yeni dövr. Misir novelistikası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə XIX əsrdə ərəb ədəbiyyatına daxil olan novella janrının müasir Misir ədəbiyyatında keçdiyi inkişaf yolu haqqında qısa məlumat verilib. Daha sonra bu janr, xüsusən müharibə mövzusunda yazılmış novellalar daxil olmaqla, müasir misirli yazıçıların yaradıcılığında şərh edilib.
X.Ələkbərova müharibələrin fəsadlarından danışarkən işğaldan azad edilmiş Azərbaycan torpaqlarında, Ermənistan tərəfindən minalanmış ərazilərdə hələ də dinc sakinlərin həlak olmasını da nəzərə çatdırıb.
Qeyd edək ki, artıq beşinci dəfədir təşkil olunan mötəbər V Beynəlxalq Sakit okean müasir elmlər konfransında 24 ölkədən tədqiqatçı alimlər iştirak ediblər.