ELM VƏ TƏHSİL
Şərqşünas alimin məqaləsi Rusiyada elmi jurnalda dərc olunub
Bakı, 6 may, AZƏRTAC
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyanın şərqşünaslıq sahəsində aparıcı nəşri olan və “SCOPUS” siyahısına daxil olan “Vostok-Oriens” jurnalında elmi məqaləsi dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimin “Taqı əd-Din əl-Məqrizinin “Kitab İğasat al-umma bi-kəşf əl-ğummə (Mömin icmasına fəlakət səbəblərinin izahı vasitəsilə yardım kitabı) əsərində dövlət və bazar münasibətləri” məqaləsi jurnalın 2021-ci il ikinci buraxılışında çap olunub.
Məqalədə orta əsrlər parlaq müsəlman tarixçisi və mütəfəkkiri İbn Xəldunun (1332-1406) şagirdi və davamçısı Təqi əd-Din əl-Məqrizinin (1364-1442) orta əsrlərdə Misirdə hökumətin bazar münasibətlərinə dair siyasəti barədə nadir məlumatları araşdırılır. Həmçinin Misirdə hökumətin əsas qida məhsullarının bazar qiymətlərinə təsir mexanizmləri açıqlanır.
Həmçinin məqalədə Taqi əd-Din əl-Məqrizinin həyat yolunun və bürokratik karyerasının əsas mərhələləri təsvir edilir, onun geniş nəzəri biliklərinin Qahirədəki bazar işinin təşkili üçün məsul olan bir məmurun təcrübəsinə söykənməsi isbat edilir. Təbii amilin - Nil çayının illik daşqınlarının kənd təsərrüfatı istehsalına təsiri qiymətləndirilir. Bundan sonra ərzaq bazarının vəziyyətinə mənfi təsiri və təbii səbəbləri azaltmaq üçün hökumət tədbirlərinin təhlili aparılır: dövlət satınalma planının əhəmiyyəti, ticarət rüsumlarının tətbiqi və ləğvi və bazar qiymətlərinə təsir göstərmək üçün digər tədbirlər təsvir edilir. Müsəlman dövlətinin erkən tarixindən bəri hökumətin pul siyasəti ayrıca xarakterizə olunur. İqtisadi böhranların və sosial gərginliyin səbəblərini araşdırarkən müəllif hökmdarın və məmurların şəxsi keyfiyyətlərinin xüsusiyyətlərinə də diqqət yetirir, əhalinin müxtəlif kateqoriyaları arasındakı münasibətlərin psixologiyasını təhlil edir. Əl-Məqrizinin dövlət aparatındakı korrupsiyanın mahiyyəti, meydana gəlməsinin psixoloji tərəfləri, əsas qida məhsulları bazarında böhran vəziyyətinin yaranmasında rolu və ölkədəki siyasi vəziyyətin sabitləşməsi barədə fikirləri indiki ictimai araşdırmalar üçün xüsusi maraq kəsb edə bilir.