ELM VƏ TƏHSİL
Şərqşünas alimlərin birgə fəaliyyəti elmə mühüm töhfələr verəcək
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da İran İslam Respublikasının bir qrup alim və müəllimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə iranlı alimlər Şərqşünaslıq İnstitutunun rəhbərliyi və aparıcı iranşünas alimlərlə müəssisələr arasında elmi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva iki ölkə arasında elmi-mədəni əlaqələrdən söz açıb. Şərqşünaslıq İnstitutunun İranın elm və təhsil müəssisələri ilə əməkdaşlığından danışıb.
Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin müdiri Mehdi Hüseyni rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Mərkəz ilə Şərqşünaslıq İnstitutunun elmi əməkdaşlığının hər iki tərəfə böyük fayda verə biləcəyini söyləyən qonaq bunun alimlərin tədqiqat işlərinin səmərəliliyinin artmasına kömək göstərəcəyini deyib.
Şərqşünaslıq İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev İranda və Azərbaycanda elm sahəsində yüksək nailiyyətlərin və zəngin ənənələrinin olduğunu söyləyib, müştərək elmi fəaliyyətin elmə böyük fayda verə biləcəyinə ümidvar olduğunu söyləyib.
İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi və digər çıxış edənlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsindən danışıblar.