ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutu İslam, Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi ilə tədris proqramları reallaşdıracaq
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Türkiyənin İslam, Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi (İTSMAM) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəddə tədbirlərin təşkilində qarşılıqlı dəstək, tədris proqramlarının reallaşdırılması, təcrübə, mütəxəssis və mənbələrin mübadiləsi, müştərək nəşr və bu kimi elmi fəaliyyət işləri nəzərdə tutulur.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, memorandumu bu elm müəssisəsinin direktoru, akademik Gövhər Baxşəliyeva və İTSMAM-ın direktoru Halit Eren imzalayıblar.
Görüşdə G.Baxşəliyeva rəhbərlik etdiyi qurumun tarixi və burada aparılan tədqiqatlar haqqında məlumat verib.
Sonra Halit Eren institutun kollektivi ilə görüşüb. Qonağı təqdim edən akademik G.Baxşəliyeva Azərbaycan-Türkiyə əlaqələrindən danışıb və ölkələrimiz arasında elmi əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Şərqşünas alimlərə rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verən Halit Eren iki qurum arasında gələcək əməkdaşlığın əhəmiyyətindən danışıb.