ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutu və İraq Strateji Araşdırmalar Mərkəzi əməkdaşlıq edəcək
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, sənədi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva və İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin sədri Mutazz Muhi Abdul-Hamid imzalayıblar.
Bu iki təşkilat arasında tədqiqat və mədəniyyət sahəsində konstruktiv əməkdaşlığın yaradılması iki ölkənin dostluq münasibətlərinə mühüm töhfə verəcək. Ortaq elmi əməkdaşlığı həyata keçirmək üçün tərəflər qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparacaq, elm, mədəniyyət və ədəbiyyat sahəsində qarşıya qoyulmuş hədəflər istiqamətində fəaliyyət göstərəcək.
Protokolda elm, mədəniyyət və ədəbiyyatın təbliğinin gücləndirilməsinə nail olmaq məqsədilə qarşılıqlı maraq doğuran işlərin planlı təşkili, bu sahələrdə araşdırmaların və əməkdaşlığın genişləndirilməsi, İraq və Azərbaycan elmi mərkəzləri arasında əlaqələrin və dialoqun gücləndirilməsi, təcrübə və fikir mübadiləsinin aparılması, əldə olunan uğurların təbliği məqsədilə İraqda və Azərbaycanda konfransların təşkili, əsərlərin tərcüməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulur. Həmçinin Azərbaycan və İraq xalqlarının mədəniyyəti və ədəbiyyatına aid yazıların nəşri sahəsində əməkdaşlıq, əsərlərin mübadiləsi, eləcə də İraq və Azərbaycan tədqiqatçıları, o cümlədən magistratura və doktorantura mərhələlərinin tələbələri arasında mübadilənin aparılması planlaşdırılır.